EN

Həbs qərarı Adnan üçün gözlənilməz olub - Vəkil

Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə üçün "həbs qərarı gözlənilməz olub.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Şaiq Mirzəyev BBC-yə deyib.

"Adnan Əhmədzadə tanınmış iş adamıdır. Uzun müddət SOCAR strukturunda çalışıb. Təbii ki, bu hadisə onun üçün gözlənilməz olub. Amma dözümlülük nümayiş etdirir və bu halda istintaqa ifadələr verir və digər istintaq hərəkətlərində də iştirak edəcək", - vəkil bildirib.

Mirzəyev deyib ki, Adnan Əhmədzadə hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır və hələlik məhkəmə qərarından apellyasiya şikayəti vermək fikirləri yoxdur:

"Dörd ay ərzində istintaq hərəkətlərində iştirak edəcəyik. İşlə əlaqədar həqiqətin üzə çıxarılmasına çalışacağıq", - vəkil Şaiq Mirzəyev qeyd edib.

Vəkil cinayət işinin detalları barədə danışmasa da, Azərbaycan mediasında yayılan ittihamların Əhmədzadənin təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib.

O, açıqlamasında mediada səslənən ittihamların heç birinə münasibət bildirməyib və bunu "istintaq materiallarında olan hər bir məlumatın istintaq sirri" olması ilə əsaslandırıb.

Eyni zamanda o, Adnan Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunduğunu da açıqlamayıb, yalnız onu deyib ki, Əhmədzadə "ağır cinayətlərdə ittiham olunur".

Chosen
6
5
axar.az

9Sources