EN

“O, hələ hazır deyil” - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Azersun Arena"da "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Milli.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Kaxaber Tsxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar... 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Kaxaber Tsxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə arxayınlıq oldu. Azarkeşlərimizə təşəkkür edirəm.

- Düşündüz ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı?

- Belə bir fikir ağlıma gəldi. 11-11-ə oynasaydıq, bilmək olmazdı nəticə necə olacaq. Rəqibi də düşünmək lazımdır. Bir həftə bizimlə oyuna hazırlaşırlar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bəlkə bizim də planımızı pozdu. Epizoda baxanda dedim ki, yəqin verəcək. Belə hallar hər iki komandaya gələcəkdə fayda verir.

- Sanki sizin futbolçularınız "Kopenhagen"lə matçdan öncə zədələnməmək üçün bir az ehtiyatlı oynayırdı. Siz necə düşünürsünüz?

- Nə məndə, nə futbolçularda belə fikir var idi. Biz hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz.

- "Kopenhagen"lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördünüz?

- Bizim üçün çempionatda hər oyun vacibdir. "Kopenhagen"lə matçı düşünmürdük. Sadəcə ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. "Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4 müdafiəçi ilə. Bəzən onlar da "beşli" müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır.

- "Qəbələ"nin gənc futbolçusu Şahin Şahniyarov haqda fikirləriniz necədir? Onu nəzarətdə saxlayırsız? Gələcəkdə Şahini "Qarabağ"a cəlb etmək barədə düşünürsünüz?

- Belə futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Kaxaber Tsxadadze kimi məşqçisi güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Qarşılarında Leandro Andrade, Zubir, Kaşuk, Addai kimi oyunçular var idi. Onlara asanlıqla məğlub olmadılar.

- Nəriman Axundzadənin "Kopenhagen"lə matçda heç olmasa 15 dəqiqə oynamaq ehtimalı var?

- Bəli, var.

- Yeni gələn Ramil Şeydayev "Qarabağ"dan gedən Ramil Şeydayevin neçə faizidir?

- Faiz nisbətini demək düzgün olmaz. Amma hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıda biləcək.

- Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?

- Bəli, ola bilərdi.

Milli.Az

Chosen
12
16
milli.az

10Sources