EN

27 Sentyabr – Bir millətin bir yumruq kimi birləşdiyi gün – Tənzilə Rüstəmxanlı yazır

Vətən müharibəsinin başlamasından beş il ötdü. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarix yazaraq 30 ilə yaxın işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bizim üçün 27 Sentyabr bu ədalətsizliyə qarşı vurduğumuz zərbənin birinci günü olaraq müqəddəsləşib.

Tənzilə

Heç zaman unutmamalıyıq ki, beş il əvvəl həqiqətən də, millət bir nəfər kimi birləşdi və dəmir yumruğu təşkil etdi. Azərbaycan dövlət, ordu və xalqın birliyi ilə XXI əsrin müharibəsini tarixə yazdı və böyük qürurla 90-cı illərdən qalmış bütün ağır səhnələri ortadan götürə bildi. Biz indi qalib dövlət ideologiyasındayıq. Bu gün tariximizi anma və keçdiyimiz yolu dəyərləndirmə günüdür.

Süni şəkildə bu coğrafiyaya yerləşdirilən ermənilər tarixin bütün dövrlərində bölgədə nifrət, nifaq yaymaqla ərazi iddialarına düşmüş, müxtəlif vəhşilklər və soyqırımlar törətmişlər. Tarixi Azərbaycan torpaqlarında öz dövlətlərini yaradan ermənilər bununla kifayətlənməmiş, Sovet İttifaqının dağılması ilə Azərbaycanda mövcud olan siyasi hərc-mərcilikdən istifadə edərək Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmağın xəyalına düşmüşdülər.

Qatı millətçilik ideyalarını rəhbər tutan, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcəvüzü nəticəsində 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqları işğal edilmiş, yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Bu müddət ərzində beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğal faktını tanımasına baxmayaraq reallıqda heç bir addım atılmadı.

Azərbaycan dünyada ikili standartlarlarla çox üzləşən ölkələrdən oldu. Ermənistanın destruktiv mövqeyi münaqişənin dinc yolla həllinə imkan verməmişdir və ardı-arası kəsilməyən təxribatlar nümayiş etdirirdi ki, mənfur qonşularımız işğalçılıq siyasətini davam etdirməkdə israrlıdırlar.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan erməni tərəfi ordumuzun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini də artilleriya atəşinə tutdu. Belə bir şəraitdə hərbi təxribatın dəf edilməsi məqsədilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçməli oldu. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi.

44 gün ərzində düşmən və onun havadarları ilə mübarizə hər cəbhədə davam etdi. Əminliklə deyə bilərik ki, Azərbaycan bütün cəbhələrdə qələbə qazandı. Vətən müharibəsi dünya hərb tarixi üçün də yeni səhifə oldu. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbəsi ermənilərin öz orduları haqqında yaratdıqları mifi dağıtmaqla yanaşı, dünya hərb siyasətində də gedişatı dəyişdi.

44 günlük Vətən Müharibəsi qələbəmizlə bitməklə yanaşı, Azərbaycan xalqının qüdrətini də göstərdi. Artıq Azərbaycan xalqı qalib xalqdır. Artıq Azərbaycan qalib dövlətdir. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə Müzəffrər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hazırlanmış və gəhrəman Azərbaycan Ordusu tərəfindən döyüş meydanında möhtəşəm formada həyata keçirilən hərbi strateqiyanın parlaq nəticəsidir.

Azərbaycanın bu tarixi qələbəsi milli iradə və milli ləyaqət təntənəsi kimi əbədi olaraq xalqımızın yaddaşında həkk olunmuşdur. 27 sentyabr bütün ölkə boyunca Anım günüdür.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycanın mərd oğulları 30 il həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytarmış, bizə isə analarını, ailələrini, övladlarını əmanət qoyaraq bu dünyadan getmişlər. Onların anaları bizim anamız, övladları bizim balalarımızdır.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Rahat uyuyun, müqəddəs şəhidlərimiz, igid qardaşlarımız, qorxmaz oğullarımız. Sizin zəhmətiniz hədər getmədi, tökülən qanlarınız batmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Chosen
26
2
interpress.az

3Sources