EN

“NATO Baş katibi Trampın sözçüsü kimi meydana atılıb Avropanı Rusiya ilə müharibəyə həvəsləndirir...”

“Makron görür ki, ABŞ Avropanı qəsdən Rusiya ilə savaşa sürükləyir. Məqsəd Yeni Dünya Düzəni quruculuğunda iki önəmli rəqibini savaşdıraraq gücdən salmaq və sonra ikisinin də başını tumarlayıb özünün vassalına çevirməkdir...”
 
Xəbər verdiyimiz kimi, NATO Baş katibi Mark Rütte bu günlərdə bildirib ki, artıq "NATO ilə Rusiya açıq qarşıdurmaya yaxınlaşır”. Görəsən, doğrudan da belə bir qarşıdurma realdırmı və o nələrlə nəticələnə bilər? Hansı tərəfin məğlubiyyəti daha çox ehtimal olunur?..
 
Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuzun bildirdiyinə görə, NATO-nun Baş katibləri istisnasız olaraq ABŞ prezidentinin sözçüsü kimi çıxış edirlər, xüsusilə də Mark Rütte: 
 
“Bilirsiniz ki, 2010-cu ildən 2024-cü ilə qədər Hollandanın Baş naziri olan Rütte öz siyasi vəzifəsindən ayrılandan dərhal sonra NATO-nun Baş katibliyinə gətirildi. Onun seçilməsinin əsas səbəbi isə Trampla yaxınlığı və ABŞ prezidentini “yola gətirə bilmə” bacarığı ilə izah olundu. Təsəvvür edin ki, Rütte guya “dilini bildiyi”, nəbzini tutmağı bacardığı” Trampın president seçilməsindən xeyli əvvəl bu postda oturmuşdu. ABŞ-da son prezident seçkiləri 5 noyabr 2024-cü il tarixində keçirildi, Rütte isə oktyabrın 1-də indiki vəzifəsinə təyin olunmuşdu. Yəni Trampın seçilməsindən ən azı 1 ay əvvəl. Özü də bütün NATO üzvlərinin yekdil səsiylə. Sanki hər şey Trampın seçilməsinə uyğunlaşdırılmışdı. Məncə, bu ssenarinin qurulması təsadüfi deyildi. ABŞ NATO-dakı öz “olmazsa olmaz” mövqeyini müttəfiqlərinə bir daha xatırladır və Rütte tərəfindən onlara çatdırılacaq təlimatın yerinə yetirilməsini bir də minnət kimi olaraq boyunlarına qoymaq istəyirdi. Doğrudan da belə oldu. Tramp prezidentlik kürsüsündə oturduğu 8 ay ərzində davamlı olaraq NATO ölkələrinin ürəyini ağzına gətirən bəyanatlar verir, gah alyansdan ayrılacağını, gah da Rusiya ilə ittifaqa girib Ukraynanı tək buraxacağını bəyan edir, Avropa dövlətləri qorxudan əsim-əsim əsdikdən sonra dövriyyəyə Rütte girib Trampı yenidən “ortaq məxrəc”ə gətirməyə çalışır. Halbuki, həmin “ortaq məxrəc” nədənsə həmişə ABŞ-ın işinə yarayır, onun mənafeyinə qulluq edir. Belə çıxır ki, Trampla Rütte öncədən planlaşdırılmış “yaxşı və pis polis” rolunu oynayırlar. Nəticədə qorxudan bağrı yarılan və ABŞ-dan gələn bütün təlimatları canu-dildən yerinə yetirən Avropa müttəfiqlərini istədikləri istiqamətə yönləndirirlər”.
 
Heydər Oğuzun fikrincə, Rüttenin NATO ilə Rusiyanın açıq qarşıdurmaya həvəsləndirməsi də əslində onun öz təklifi yox, Trampın təlimatıdır: 
 
“Məlumdur ki, Rüttedən əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın “kağızdan pələng” olduğunu bildirmiş və Avropa ölkələrini hava sahələrini pozan rus təyyarələrini vurmağa çağırmışdı. Bu nəticə etibarilə “Rusiya ilə savaşın” anlamına gəlir. Trampın təlimatından sonra onun sözçüsü qismində çıxış edən Mark Rüttenin meydana atılıb Avropanı müharibəyə həvəsləndirməsi gözlənilməz deyildi. Yəqin ki, böyük ehtimalla Polşa, Baltikyanı dövlət, Rumıniya kimi Şərqi Avropa ölkələri məmnuniyyətlə bu çağırışa müsbət cavab verəcəklər. Çünki Rusiya faktiki olaraq onları təhdid edir və dronlarla hava sahələrini pozurlar. Bu isə həmin ölkələrdə “nəbz yoxlaması” kimi qəbul olunur və adekvat cavab verməsələr, Kremlin təcavüzkarlığını daha da artırmağa sövq edəcəklərini düşünürlər. Onsuz da qaçılmaz olduğunu düşündükləri Rusiya hücumundan kollektiv müdafiə bu ölkələrin maraqlarına uyğundur. Amma Fransa, Almaniya və Böyük Britaniyanın bu plana necə reaksiya verəcəkləri bəlli deyil. Çünki bu işin axırının nüvə müharibəsinə qədər uzanacağı istisna olunmur. Onları bu təhlükədən yalnız ABŞ-ın nüvə çətiri qoruya bilər ki, Tramp administrasiyasının həmin dəstəyi verib-verməyəcəyi qarantiyalı deyil. Bir neçə gün əvvəl BMT Baş Assambleyasında çıxış edən Trampın jurnalistlərin mövzu ilə əlaqədar suallarına “buna baxarıq” tərzində qeyri-müəyyən cavab verməsi Avropanın aparıcı dövlətlərində ciddi təşviş yaradır. Xüsusilə Fransa prezidenti Emmanuel Makron Trampın “rus təyyarələrini vurun” əmrini şərh edərkən Rusiyanın Avropa ölkələrinə hava hücumlarına sərt cavab verməyəcəklərini açıqladı. Onun fikrincə, Rusiyanın bu hücumları real təcavüz faktı deyil, sadəcə test sınaqlarıdır. “Düşünürəm ki, bu cür testlərə kollektiv reaksiyamız da adekvat olmalıdır", - deyən Makron faktiki olaraq həm Trampın, həm də Rüttenin çağırışlarını geri çevirdi”.
 
Heydər Oğuz hesab edir ki, Makronun bu rədd cavabı səbəbsiz deyil: 
 
“Zira o görür ki, ABŞ Avropanı qəsdən Rusiya ilə savaşa sürükləyir. Məqsəd Yeni Dünya Düzəni quruculuğunda iki önəmli rəqibini savaşdıraraq gücdən salmaq və sonra ikisinin də başını tumarlayıb özünün vassalına çevirməkdir. Üstəlik, Avropa və Rusiya savaşarsa, ən böyük rəqibi Çinin Avropaya quru ticarət yolu da əbədi kəsilər və Asiya nəhəngi iqtisadi tənəzzülə sürüklənər. Beləcə, 3 rəqibini eyni anda təsirsiz hala gətirə bilər. Üstəlik, Avropa və Rusiya savaşı çıxarsa, ABŞ-ın silah fabrikləri üçün də gözəl bir bazar meydana gələr. Hardan baxırıqsa-baxaq, Avropa ilə Rusiyanın amansız savaşı ABŞ-ın işinə yarayır. Fransa və Almaniya bunun fərqindədir. Böyük Britaniya isə bu ziddiyyətdən özünə faydalı bəzi dividentlər əldə edə bilər. Odur ki, Avropanın böyük gücləri Rusiya ilə savaşa münasibətlərdə bölünmüş durumdadırlar. Məhz bu amil də rus-Avropa müharibəsini çıxarmaq istəyənlərin işinə yarayır. Poliqona çevriləcək Balkan və Baltikyanı ölkələrinin hökumətlərinin Rusiyaya qarşı ifrat mövqe tutmaları da bu müharibənin çıxma ehtimalını artırır. 
 
Gözlənilən müharibədə kimin qələbə çalacağına gəlincə, fikrimcə, bu ssenari baş tutarsa, yeganə qalib ABŞ olacaq. Avropa da, Rusiya da bu müharibədən əzilərək çıxmağa məhkumdur...”
 
Təqdim etdi:
Sultan Laçın
 
Chosen
28
1
moderator.az

2Sources