EN

Kəlbəcərdə Anım Gününə həsr olunan “Yaşıl irs – əbədi xatirə” ağacəkmə aksiyası keçirilib

Kəlbəcərdə 27 Sentyabr - Anım Gününə həsr olunan “Yaşıl irs – əbədi xatirə” ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, ağacəkmə aksiyası Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşıb.

Tədbir 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsinin anılması məqsədilə, onların əziz xatirəsinə həsr edilib.

Aksiya çərçivəsində Kəlbəcərin iqliminə uyğun 100 ədəd ağac (qara şam, çinar, birgöz, Arizona sərvi və s.) əkilib.

Layihənin əsas məqsədi 27 Sentyabr – Anım Gününün mahiyyətini gənc nəslə çatdırmaq, şəhidlərin xatirəsini əbədiləşdirmək, onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığı, şücaəti təbliğ etmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi başlayıb. Şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Chosen
7
3
sia.az

4Sources