EN

Adnan Əhmədzadə işində ŞOK AD

Həbs edilən iş adamı ilə Mikayıl İsmayılovu nələr bağlayır - Dosye

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. Onun adı enerji sektorunda ən qalmaqallı proseslərlə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır. Adnan Əhmədzadənin həbsindən sonra gündəmə gələn faktlar isə işin yalnız iqtisadi tərəfləri ilə məhdudlaşmır.

Mikayıl

Məlumatlara görə, Adnan Əhmədzadənin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovla yaxın əlaqələri olub. Hətta bu xətt üzrə əlaqələrin davam etdiyi bildirilir, müəyyən biznes bağlarının mövcudluğu barədə iddialar dolaşır. Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, hazırda dövlət qurumunda rəhbər vəzifə tutan Şaiq Mirzəyev vaxtilə "Az-Qranata" MMC-nin baş direktoru olub. Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev bu gün də Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində vəkilidir. Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.

"Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək". Bu il Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev Fidan Abbasovaya barışıq sənədi təqdim edib, həmin sənəddə uşağının atasının Orxan İsmayılzadə olmasının üzərindən keçərsə, 65 min manat ödəyəcəyi qeyd olunub. Fidan Abbasova barışıq ərizəsini imzalamayıb, Orxan İsmayılzadədən aliment ödəməsini tələb edib. Hazırda İstanbulda məskunlaşan Orxan İsmayılzadə aylardır ki, aliment ödəmir. Fidan Abbasova deyir ki, Şaiq Mirzəyev ona alimentin ödənməyəcəyini bildirib...

Adnan

Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qaynatasının rolu və iştirakının ola biləcəyini də ehtimal edir.

Bütün bunların fonunda Adnan Əhmədzadənin xaricdəki qalmaqallı hərəkətləri də diqqət çəkir. Lent.az-ın əldə etdiyi məlumata görə, o, ötən il İsveçrədə yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 225 min İsveçrə frankı (təxminən 478 min manat) məbləğində cərimə ödəyib. İsveçrə mediası həmin vaxt yazırdı ki, Əhmədzadə əvvəlcə 10 min frank cərimələnərək vəsiqəsindən məhrum edilib. Lent.az yazıb ki, buna baxmayaraq, Yeni il ərəfəsində o, "Audi" markalı avtomobili ilə sərhədi keçərək Cenevrəyə daxil olub və sərhədçilər tərəfindən saxlanılıb. Bir ay sonra isə Simplon keçidində eyni qanun pozuntusuna görə yenidən tutulub. Valais kantonunun prokurorluğu Əhmədzadəni "təkrar və islah olunmayan" şəxs kimi qiymətləndirib və nəticədə onun əvvəlki şərti cəriməsi də ləğv edilərək 225 min franklıq yekun məbləğ ödənilib. Bu astronomik cəriməni ödədikdən sonra iş adamı İsveçrəni tərk edə bilib. Beləliklə, Adnan Əhmədzadənin ətrafında cərəyan edən hadisələr onun yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda diqqət çəkən qalmaqallı fiqur olduğunu göstərir. SOCAR-dakı keçmiş fəaliyyətindən tutmuş, İsveçrədəki cərimələrinə qədər bütün faktlar hazırda istintaqın diqqət mərkəzindədir.

Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-dda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlaır tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur. Rəsmi mənbələrdə Əhmədzadənin yalnız 1998-ci ildən 2023-cü ilə qədər SOCAR-da müxtəlif yüksək vəzifələr tutduğu qeyd olunub. O, SOCAR-dakı karyerasının son illərində şirkətin beynəlxalq investisiya və satış işlərinə rəhbərlik edib. Lakin Maltese Herald nəşri iddia edir ki, Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib. Nəşr iddia edir ki, bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və onun yaxın qohumu tərəfindən idarə edildiyi deyilən Malta şirkəti Alkagesta-nın adı keçir.

Maltese Herald Adnan Əhmədzadənin bu şirkətin idarəetməsində də güclü nüfuza sahib olduğunu yazıb. Amma Alkagesta şirkəti bu iddianı rədd edir.

Bu ilin iyulunda BP şirkəti Azərbaycan hökumətinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Rumıniya və İtaliyaya satdığı neftin tərkibində zərərli maddə hesab edilən xlorid aşkarlandığını bildirmiş, bir neçə gün öncə həmin məlumatı bir daha açıqlamışdı. O zaman Rumıniya mətbuatı çirklənmənin Rusiya tərəfindən məqsədyönlü şəkildə, Azərbaycanın enerji nüfuzunu zədələmək məqsədilə edildiyini açıqlamışdı. Adnan Əhmədzadə həm də dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də gündəm olub. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
4
olaylar.az

5Sources