EN

Qələminin “fəhlə”si olan jurnalist

Düz 36 il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilini başa vurduğu vaxtdan sərasər mətbuatda çalışan Paşa Əmircanovun imzası “Azərbaycan Ordusu”, “Respublika”, “Ekspress”, “525-ci qəzet”, “Üç nöqtə”, “Yeni Qafqaz” və digər qəzetlərdə, “Trend” informasiya agentliyinin xəbər saytında, 2008-ci ilin aprel ayından isə “Xalq qəzeti”ndə mütəmadi görünməkdədir. Haqqında söz düşəndə hamı onu həm iti qələmli jurnalist, həm də incə duyğulu şair kimi xarakterizə edir.

Dünən Paşanın 65 yaşının tamam olması münasibətilə redaksiyamızda düzənlənən yığcam yubiley mərasimində çıxış edən iş yoldaşları da onun peşəkar (arada zarafatla “Paşakar” da deyirik) keyfiyyətlərini sadaladılar, zəhmətkeş və təvazökar insan, layiqli həmkar kimi dəyərləndirdilər. Qəzetin baş redaktoru Əflatun Amaşov redaksiyanın əsas “sütun”larından olan Paşa Əmircanovun bütün tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirdiyini, yazdığı hər bir mövzuya dərindən nüfuz etdiyini vurğuladı və ustadların, ağsaqqalların sırasına qoşulan qələmdaşımıza yeni uğurlar arzuladı.

Baş redaktorun müavini Tahir Aydınoğlu, əməkdaşlar Məsaim Abdullayev, İmran Bədirxanlı, Ruslan Rəfizadə, Mirbağır Yaqubzadə və başqaları “Xalq qəzeti”ndə dövlət siyasətinin doğru və düzgün təbliğ olunmasında, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi xəttinin, Prezident İlham Əliyevin ölkəmizin dünyada nüfuzunun artırılması istiqamətində atdığı addımların hərtərəfli işıqlandırılmasında Paşa Əmircanovun da mühüm rolu olduğunu qeyd etdilər. Bildirildi ki, onun bir-birindən maraqlı yazıları Qarabağ münaqişəsinin incələnməsinə və 44 günlük Zəfər yürüşümüzün səbəb-nəticə əsaslarına, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına layiqincə xidmət edir. Paşanın bu səpkili yazılarının uğurunu təmin edən bir amil də məhz həmkarımızın özünün Qarabağ müharibəsi veteranı olması, daim yüksək vətənpərvərlik duyğuları ilə yaşayıb-yaratmasıdır.

Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü olan Paşa 1960-cı ilin bu günündə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Şeirə, sənətə ürəkdən bağlılığı də elə “xəmir”inin güclü ədəbi mühiti olan qədim Borçalıda yoğrulmasından irəli gəlir. İndiyədək 5 publisistik və 2 şeirlər kitabı nəşr edilib. “Paşa Babakərli” imzası ilə yazdığı poetik nümunələri oxucular hər zaman maraqla qarşılayırlar.

Onun 65 illik yubileyi ilə əlaqədar “Taleyim – yol yoldaşım” adlanan yeni şeirlər kitabı çap olunur. Xalq şairi Sabir Rüstəmxanlı topluya yazdığı “Bakıdan görünən Borçalı və dünya” başlıqlı Ön sözündə Paşanın coşqun poetik ruhu, vətəndaşlıq mövqeyi, insana, torpağa sevgi hisslərinin ifadə tərzi ilə seçildiyini qabardıb: “Bir çox şeirlərində mövzuya uyğun olaraq güclü bədii pafos, bəzən hətta publisistik ruh duyulsa da, bunlar seçilən mövzu üçün təbii görünür. Bu baxımdan “Susur şairləri bu məmləkətin”, “Məni Qarabağa qaytar, əsgərim”, “Vətən, gəl oxşayım səni doyunca”, “Sənin bayrağın” adlı şeirləri Paşa Babakərlinin yaradıcılığının şair xarakterini göstərən maraqlı nümunələrdir:

Bir çınqıl bir suyun gözünü kəssə,
Yüz çeşmə quruyar, bulaq tutular.
Əgər məmləkətin şairi sussa,
Cahilin səsindən qulaq tutular...

Paşanın bu tipli şeirlərində Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün bədii-ictimai ruhlu yazılarının əks-sədasını eşidirik. Paşa ilhamlı, sözünün qanadlarını qısmayan, bütün türk dünyasının sevincini və kədərini içindən keçirən, dünyadakı haqsızlıqlara üsyan səsini qaldıran şairdir. Bu baxımdan kitabın əlyazmasını oxuyub bəyəndim”.

Bir qədər öncə Azərbaycan milli mətbuatının 150 illik yubileyini qeyd etdik. Bir sıra jurnalist dövlət təltiflərinə layiq görüldü. Onların sırasında xidmətləri “Tərəqqi” medalı ilə dəyərləndirilən Paşa Əmircanovun da adına rast gələndə hamımız ürəkdən sevindik. Çünki bu, yubilyar qələm dostumuzun halal haqqıdır.

Ə.DOSTƏLİ
XQ

Chosen
3
xalqqazeti.az

1Sources