EN

Kamaləddin Qafarov: “2020-ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

“Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etmək və otuz illik erməni işğalına son qoymaq məqsədilə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması, müasir dünyamızda ədalət prinsiplərinin demək olar ki, gözlənilmədiyini, beynəlxalq hüququn işləmədiyini bir daha təsdiq etdi.”

Publika.az xəbər verir ki, bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev son beş ildə etdiyi bütün çıxışlarında, verdiyi müsahibələrində hər zaman vurğulamışdır ki, məhz qlobal siyasətdə tətbiq olunan ikili standartlar, beynəlxalq münasibətlərdə güc amilinin getdikcə daha çox ön plana çıxarılması Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə başlamasına səbəb olmuşdular.

Millət vəkili keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən birinin məhz beynəlxalq riyakarlıq olduğunu xüsusi qeyd edib: “Məlum olduğu kimi, ATƏT sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqlayıb. Bu barədə təşkilatın Nazirlər Şurasının iclasında qərar qəbul olunub. Qeyd edək ki, bu qərar cənab Prezident İlham Əliyevin bir ay bundan öncə Vaşinqtona etdiyi işgüzar səfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi kimi ortaya çıxdı. Belə ki, Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Ağ Evdə imzalanmış Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanına birgə müraciət göndərilməsi barədə müddəa yer almışdır. Keçmiş münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə hələ 1992-ci ildə təsis olunmuş bu qurum 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Bu, beynəlxalq riyakarlığın və ikili standartlar siyasətinin açıq-aşkar təzahürləri idi. Məhz bu amillər nəticə etibarı ilə torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğunu şərtləndirmişdir. Buna görə də cənab Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində etdiyi çıxışlarında hər zaman deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq və tarix bu dəfə də möhtərəm dövlət başçımızın haqlı olduğunu nümayiş etdirdi.”

Chosen
10
15
publika.az

10Sources