EN

Cavanşir Feyziyev: “Azərbaycanın strateji baxışlarını bütün dünyaya bəyan etdi“

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni Dünya düzəninin quruluşuna çağırış

BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı beynəlxalq hüquq və qlobal nizamın gələcək perspektivlərinə dair Azərbaycanın strateji baxışlarını bütün dünyaya bəyan etdi. Bu çıxışla ölkə başçısı Azərbaycanın timsalında uzun illər ərzində hökm sürən separatçılıq, işğal və humanitar fəlakət vəziyyətlərindən uğurla çıxmağın, dövlətlər arası münasibətlərin münaqişə rejimindən əməkdaşlıq rejiminə uğurla keçirməyin və nəhayət sülhə nail olmağın düsturunu təqdim etdi. Baş Assambleyanın 80-ci sessiyasının açılışı günü BMT Baş katibinin beynəlxalq qanunların işləməməsi, BMT qərarlarının icra olunmaması və beynəlxalq siyasi sistemdə mövcud olan digər problemlərlə bağlı səsləndirdiyi etirafların fonunda Prezident İlham Əliyevin çıxışı mövcud vəziyyətdən çıxış yolunun tapılması üçün presedent halın təqdimatı təsiri bağışladı.

Prezident vaxtilə Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin icra edilməmiş qalmasını, ATƏT-in Minsk Qrupunun uzun illər ərzində heç bir nəticə əldə edə bilməməsini dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına cavabdeh olan beynəlxalq təşkilatların yarıtmaz fəaliyyəti kimi dəyərləndirdi. 30 il ərzində işğal altında qalmış torpaqlarımızın xalqın iradəsi və dövlətin qətiyyəti ilə Azərbaycanın özü tərəfindən azad edildiyini və separatizmə birdəfəlik son qoyulduğunu bildirən dövlət başçısı dünyanın sayılıb seçilən güc mərkəzlərinin təmsil olunduğu ATƏT-in Minsk Qrupunun ləğv olunduğunu bəyan etdi. Prezident Azərbaycanın iradəsi ilə Cənubi Qafqaz bölgəsində yeni geo-siyasi reallığın yarandığını vurğulayaraq hadisələrin sonrakı inkişafı ilə bağlı Azərbaycanın yürütdüyü siyasətin istiqamətlərini açıqladı.

Prezident İlham Əliyev Azərbaycanın post-münaqişə dövründə ölkəmizdə həyata keçirilən layihələr haqqında danışdı. Dövlətimizin sülh təşəbbüslərini, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və reinteqrasiya layihələrini, “Böyük Qayıdış” proqramının strateji əhəmiyyətini və iqtisadi uğurlarını təqdim etməklə ölkəmizin regionda liderlik rolunu bir daha təsdiqləmiş oldu. Ölkə başçısı Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipiallığını, ikili standartlara qarşı sərt mövqeyini və beynəlxalq hüququn aliliyinə sadiqliyini vurğulamaqla beynəlxalq münasibətlər sisteminin yalnız qanunauyğun mexanizmlər əsasında işləyə biləcəyini diqqətə çatdırdı. Beynəlxalq ədalətin müxtəlif güc mərkəzlərinin dar çərçivəli maraqlarına xidmət edən bir alətə çevrilməməsi üçün beynəlxalq hüququn bərabər və universal şəkildə tətbiq edilməsinin zəruriliyi vurğulandı.

Prezident Ermənistanla aparılan danışıqların yalnız ikitərəfli formatda nəticə verdiyini və artıq sülh müqaviləsinin beş əsas prinsip əsasında formalaşdığını bildirdi. Bu, Azərbaycanın müstəqil və suveren iradəsinin, regionun taleyinin heç bir vasitəçiliyə ehtiyac olmadan özü tərəfindən müəyyən etmək qabiliyyətinin ifadəsi idi. ABŞ-Azərbaycan münasibətləri ilə bağlı danışan ölkə başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təsbit edilmsi üçün İşçi Qrupun yaradılacağını və müvafiq dövlətlər arası sənədin hazırlanacağını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın COP29-a uğurlu ev sahibliyini, qlobal enerji təhlükəsizliyindəki rolunu, iqlim dəyişiklikləri ilə mübarizədə təşəbbüskarlığını, iqtisadi uğurlarını, azad olunmuş ərazilərdə aparılan bərpa işlərini, Azərbaycanın davamlı inkişaf strategiyasını, eləcə də regionda sülh və sabitlik təminatçısı rolunu beynəlxalq auditoriyaya çatdırdı.

Prezident vurğuladı ki, ölkəmiz həm regional, həm də qlobal səviyyədə konstruktiv dəyişikliklərin təşəbbüskarıdır və inkişaf etməkdə olan ölkələrin haqq və maraqlarının müdafiəsi üçün nümunəvi mövqe sərgiləyir. Bu yanaşma Azərbaycan Respublikasını yalnız Cənubi Qafqazın deyil, həmçinin Qlobal Cənubun lider dövlətlərindən biri kimi tanıdır və Azərbaycanı çoxqütblü dünya nizamında strateji rol oynayan aktor kimi təqdim edir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı ölkəmizin beynəlxalq siyasətdə yüksələn rolunu, dövlətçilik iradəsini, diplomatik strategiyasını və ədalət prinsiplərinə sadiqliyini bütün dünyaya nümayiş etdirir. Dövlət başçısı çıxışını bütün dünyaya çağırış kimi səslənən fikirlərlə tamamladı: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Yeni dünya düzəninin quruluşuna çağırış kimi səslənən bu fikirlər dünyanın gələcəyi ilə bağlı Azərbaycanın siyasi baxışlarını ifadə etməklə yanaşı həm də ölkəmizin yeni dünya düzəninin formalaşmasında yaradıcı və konstruktiv iştiraka hazır olduğunu təsdiq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
4
moderator.az

5Sources