EN

Türk ölkəsində oldu, Rusiyada da gerçəkləşir Putini qorxuya salan həmlə

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya yönəlik sərt və bəzən ziddiyyətli bəyanatları Kremlin daxilində gözlənilən təsiri yaratmadı. Ekspertlər hesab edir ki, Moskva artıq Trampın emosional çıxışlarını siyasi ciddiyyətlə qəbul etmir. Səbəb isə onun tez-tez mövqe dəyişməsi və bu dəyişikliklərin yaratdığı etibarlılıq problemidir. Kremlin hazırda seçdiyi “gözləmə rejimi”nin arxasında hansı məqsədlərin dayandığı isə hələlik tam aydın deyil.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə bildirib ki, ABŞ ilə dialoq xəttindəki qeyri-müəyyənlik fonunda Rusiyanın daha ciddi və real problemi var:

“Əsas məsələ yanacaq böhranıdır. Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələr ölkənin Avropa hissəsində yanacaq çatışmazlığına səbəb olub. Bu vəziyyət Moskva üçün ikiqat təhlükə yaradır: həm ordunun, həm də iqtisadiyyatın normal fəaliyyəti birbaşa yanacaq təminatından asılıdır. Mövcud problem nəqliyyatın hərəkətini ləngidə, hərbi ehtiyatların daşınmasını məhdudlaşdıra bilər.

İctimaiyyətin gündəlik həyatına ciddi təsir edən bu böhranın sürətlə sosial narazılıq dalğasına çevrilməsi ehtimalı var. Kremlin yaddaşında hələ də 2022-ci ildə qaz qiymətlərinin artması fonunda Qazaxıstanda baş verən etirazlar qalmaqdadır. Rusiya üçün prioritet məsələ daxili sabitliyin qorunmasıdır. Xarici ritorika bu səbəbdən ikinci planda qalır. ABŞ-dan gələn sərt bəyanatlara dərhal cavab verilməməsinin arxasında da məhz bu daxili sabitlik strategiyası dayanır. Hazırda əsas məsələ yanacaq böhranını nəzarətə almaq və sosial “partlayış” riskini minimuma endirməkdir.”

Politoloqun fikrincə, xaricdən gələn hərbi və iqtisadi təzyiqlər, daxildə isə enerji çatışmazlığı Kremlin manevr imkanlarını xeyli məhdudlaşdırır:

“Rusiya rəhbərliyi yalnız beynəlxalq diplomatiya və hərbi sahədə deyil, həm də daxili enerji balansında ciddi sınaq qarşısındadır. ABŞ faktoru hələ də əhəmiyyətlidir. Trampın ritorikası nə qədər inandırıcı olmasa da, Kreml üçün Vaşinqtonla dialoq kanallarının açıq qalması həyati əhəmiyyət kəsb edir.

Əgər yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında gözlənilən görüş baş tutarsa, bu, Moskva üçün iki cəhətdən faydalı ola bilər:

1. Beynəlxalq təzyiqlərin yumşaldılması,

2. Daxili auditoriyaya “danışıqlar masasında hələ də yerimiz var” mesajının verilməsi.

Əgər yanacaq böhranı dərinləşər və Rusiya Ukraynanın hücumları fonunda alternativ logistika yaratmaqda çətinlik çəkərsə, ölkədə sosial sabitlik ciddi sınaqla üz-üzə qalacaq.

Rüstəm Tağızadə

Xalq üçün gündəlik həyatda yanacağın qiyməti olduqca kritik faktordur. Hətta cüzi qiymət artımı belə ictimai narazılığa səbəb ola bilər. Bu da Kreml üçün ən həssas məqamdır. ABŞ-la danışıqlarda irəliləyiş qeydə alınmasa, Moskva həm Qərb sanksiyaları, həm də daxili sosial-iqtisadi çətinliklər arasında sıxışacaq”.

R.Tağızadə bildirib ki, Kreml hazırda sürətli anti-böhran tədbirləri həyata keçirir:

“Bunlara subsidiya proqramları, yanacaq idxalı və qiymət tənzimləyici məhdudiyyətlər daxildir. Qeyd olunan addımlarla sosial gərginliyin qarşısının alınmasına çalışılır. Tramp–Putin görüşü baş tutarsa, dialoq formatında müəyyən normallaşmanın baş verməsi ehtimalı mövcuddur. Böhran nə tamamilə aradan qalxır, nə də kəskin partlayışla nəticələnir. Narazılıq artır, lakin repressiv aparat etirazları lokallaşdırır və genişlənməyə imkan vermir. Xarici siyasət isə ritorika səviyyəsində qalmağa davam edir.

Ukraynanın hücumları intensivləşər və böhran daha da dərinləşərsə, bu, genişmiqyaslı etirazlara səbəb olar. Bu halda Kreml daxili sabitliyi qorumaq üçün sərt represiv tədbirlərlə yanaşı, xarici münaqişəni də eskalasiya etməyə cəhd göstərəcək.

Trampın ritorikası Moskva üçün ciddi siyasi problem sayılmır, lakin yanacaq böhranı birmənalı şəkildə belədir. Rusiya rəhbərliyinə görə əsas təhlükə hazırda daxildədir: iqtisadi zəiflik və sosial narazılıq. Xarici ritorikaya münasibətdə təmkin nümayiş etdirmək də məhz bu daxili prioritetlərlə bağlıdır. Əslində bu, Rusiyanın mövcud vəziyyətinin struktur diaqnozudur: Kremlin ən böyük təhdidi xarici bəyanatlar deyil, daxili sosial-iqtisadi sabitliyin pozulmasıdır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
globalinfo.az

2Sources