EN

Anım Günü milli birlik və ədalətin təntənəsidir – ŞƏRH

BAKI, 27 sentyabr. TELEQR;AF

27 sentyabr Azərbaycanın ən yeni tarixində xüsusi yerə malikdir. Bu, Anım Günüdür — bütün xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyi gündür. Bu gün həm kədərin, həm də qürurun rəmzidir. Eyni zamanda azadlığın dəyərini və Azərbaycan xalqının sarsılmaz iradəsini xatırladır.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, onilliklər boyu rəsmi İrəvan uydurma tarixi miflərə və xarici havadarlarının dəstəyinə söykənən işğalçı, aqressiv siyasət yürütmüşdür. Yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salınmış, on minlərlə soydaşımız etnik təmizləmələrə və soyqırımlarına məruz qalmışdır. Bu vəhşiliklərin zirvəsi isə bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi tarixə düşmüş Xocalı faciəsi oldu.

Azərbaycan daim beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Lakin uzun illər ərzində aparılan danışıqlar prosesi faktiki olaraq işğalın davam etməsinə və ört-basdır edilməsinə xidmət etmişdir. ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələrinin icrasına nail ola bilmədi. Ermənistanın təcavüzkar siyasəti və hərbi təxribatları nəticəsində Azərbaycan öz suveren hüquqlarını müdafiə etmək üçün cavab addımları atmağa məcbur qaldı”.

Deputat bilidirib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan tarixində yeni bir səhifə açıldı – 44 gün davam edən Vətən müharibəsi başlandı: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz hərbi peşəkarlıq, yüksək döyüş ruhu və sarsılmaz iradə nümayiş etdirdi. Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və yüzlərlə kənd və qəsəbə işğaldan azad edildi. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi əhəmiyyət daşıyırdı. Strateji ərazilərin azad olunmasından sonra Azərbaycan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz, sülh yolu ilə geri qaytardı. Beləliklə, ədalət bərpa olundu, işğalda olan torpaqlarımızın böyük hissəsi qanuni sahibinə qayıtdı.

Bu gün biz qalib xalq kimi yaşayırıq. Lakin hər bir uğurumuz minlərlə qəhrəman oğul və qızımızın canı bahasına qazanılıb. Onların adları Azərbaycanın şanlı tarixinin qızıl səhifələrinə həkk olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 27 sentyabr Anım Günü elan edildi. Bakıda Zəfər Parkı və Memorial Kompleks yaradıldı. Bu müqəddəs məkanlar xalqımızın qəhrəmanlığının, qətiyyətinin və sarsılmaz iradəsinin əbədi rəmzinə çevriləcək.

“Zəfər” və “Qarabağ” kimi yeni orden və medalların təsis olunması xalqımızın və ordumuzun şücaətini əbədiləşdirdi. Bu təltiflər yalnız bir şərəf göstəricisi deyil, həm də gələcək nəsillərə sülhü və müstəqilliyi qorumaq vəzifəsini xatırladan əmanətdir”.

Sevinc Fətəliyeva hesab edir ki, Anım Günü yalnız şəhidlərimizi yad etmək deyil, dirilərin andıdır: “Bu, milli birliyin və iradənin ən çətin sınaqları belə qələbəyə çevirmək gücündə olduğunu xatırladır. Bu gün Azərbaycan azad edilmiş torpaqlarda yeni həyat qurur, Qarabağı və Şərqi Zəngəzuru inkişaf, mədəniyyət və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirir. Açılan hər bir məktəb, çəkilən yol və istifadəyə verilən hər bir hava limanı şəhidlərimizin müqəddəs işinin davamı, dövlətimizin gücünün və böyüklüyünün bariz nümunəsidir.

27 sentyabr — kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gündür. Bu gün biz bir daha təsdiqləyirik: qəhrəmanlarımızın qanı yerdə qalmadı. Azərbaycan bu gün möhkəm sülhə, sabitliyə və qüdrətə sahibdir. Bizim borcumuz bu Qələbəni qorumaq, dövlətçiliyi möhkəmləndirmək, milli maraqları müdafiə etmək və gələcək nəsillərə birlik və vətən sevgisi ruhunu ötürməkdir”.

Chosen
31
1
teleqraf.com

10Sources