1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev orada müharibənin dəhşətli anlarına şahid balaca Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu görüş hər kəsin marağına səbəb olub.
Bu gün ucaldılan Gəncə Memorial Kompleksi yalnız daşdan yonulmuş bir abidə deyil - o, xalqımızın yaddaşı, şəhidlərin əbədi xatirəsi, məsum körpələrin susqun fəryadıdır. Prezident İlham Əliyevin balaca Nilayla görüşü isə həm də bir mesajdır: Azərbaycan xalqı müharibənin qurbanlarını heç vaxt unutmayacaq!
Qeyd edək ki, Nilay Əliyeva müharibənin dəhşətlərini 2020-ci il oktyabrın 11-də yaşayıb. Belə ki, o, Vətən müharibəsi ərəfəsində erməni silahlı birləşmələrinin Gəncədə mülki obyektlərə endirdiyi raket və ağır artilleriya atəşi zamanı hər iki valideynini itirib. Atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.
Nilay Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində valideynlərini itirən dörd uşaqdan biridir. O zaman onun heç iki yaşı yox idi. Körpə yaşında valideynsiz qalan Nilayın nənəsi də həmin dəhşətli terrorun qurbanına çevrilmişdi.
Xatırladaq ki, Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri Gəncəni dəfələrlə raket və ağır artilleriya atəşinə tutublar. Dinc şəhərə yağdırılan bu zərbələr nəticəsində 26 günahsız insan həlak olub, 170-dən çox mülki şəxs yaralanıb. Onların arasında körpələr, uşaqlar, qadınlar da var idi.



