EN

Zakir İbrahimov Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşdü

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.

Görüş zamanı Z.İbrahimov ortaq türk dünyasının mədəni irsinin daşıyıcıları olan Azərbaycan və Qırğız xalqları arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, həmçinin son illərdə dövlətlərarası münasibətlərin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

İdarə Heyətinin sədri “AzerGold” QSC-nin çoxşaxəli fəaliyyət istiqamətləri, son illərdə əldə etdiyi nailiyyətlər və qarşıdakı dövr üçün müəyyən olunmuş strateji hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, Cəmiyyət ətraf mühitin mühafizəsi prinsipləri əsasında hasil etdiyi qiymətli metalların dünya bazarlarına ixracını uğurla həyata keçirir. QSC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus müəssisələr arasında ön sıralarda qərarlaşıb. Orta Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının şirkətin strateji planlarına daxil olduğunu deyən sədr potensial tərəfdaşlıq imkanları ilə bağlı danışıqların aparıldığını qeyd edib.

Səfir Maksat Mamıtkanov öz növbəsində, dövlət şirkətini əldə etdiyi nailiyyətlər münasibəti ilə təbrik edib. Diplomat ölkəsinin əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, Qırğızıstanın böyük dəmir filizi və digər əlvan metal ehtiyatlarına sahib olduğunu diqqətə çatdıraraq, bu sahədə “AzerGold” QSC ilə birgə fəaliyyətin hər iki ölkə üçün qarşılıqlı faydalı olacağını qeyd edib. 

Tərəflər gələcək əməkdaşlığın iqtisadi əlaqələrinin möhkəmlənməsinə, xüsusən də təbii ehtiyatların hasilatı və emalı sahəsində yeni bir mərhələnin başlanmasına töhfə verəcəyini vurğulayıblar. Görüş qarşılıqlı investisiya imkanlarının araşdırılması və gələcək strateji tərəfdaşlığın inkişafı barədə müzakirələrlə yekunlaşıb.

382841

Chosen
18
11
hit.az

10Sources