EN

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoydu.

Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.

Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşdü.

Qeyd edək ki, bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.

Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.

Allah şəhidlərimizə rəhmət eləsin!

image-17589664735744364710_1200x630 image-17589664733565631982_1200x630 image-17589664734848517323_1200x630 image-1758966473364633646_1200x630 image-17589664733612126768_1200x630 image-17589664732413020835_1200x630 image-1758966473430346575_1200x630 image-1758966473393861661_1200x630 image-17589664736540626395_1200x630 image-17589664731441430467_1200x630 image-17589664733437356948_1200x630 image-1758966473390546950_1200x630 image-17589664736495927649_1200x630 image-17589664735136713177_1200x630 image-17589664732698454511_1200x630 image-17589664736251738509_1200x630 image-17589664734801921675_1200x630 image-1758966473421017592_1200x630 image-175896647326025026_1200x630 image-1758966473583834469_1200x630 image-17589664732787231713_1200x630 image-17589664734221244353_1200x630 image-17589664736025317852_1200x630 image-17589664732776062753_1200x630 image-17589664733148442759_1200x630

Chosen
41
49
dogru.az

10Sources