EN

Sarayevoda Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Sarayevo şəhərində yerləşən “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə tədbir keçirib.

“İki sahil” xəbər verir ki, anım mərasimi abidənin önünə əklil qoyulması və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra şəhidlərimizin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev 27 Sentyabr - Anım Gününün xalqımız üçün tarixi əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, vətən uğrunda şəhid olmuş igidlərimizin xatirəsi hər zaman böyük hörmət və ehtiramla anılır. Bildirilib ki, bu qəhrəmanlıq və fədakarlıq sayəsində Azərbaycan uzun illər davam edən işğala son verərək, həm beynəlxalq hüququ, həm də tarixi ədaləti bərpa edib.

Səfir çıxışında, həmçinin qeyd edib ki, Azərbaycan 30 ilə yaxın davam edən işğal dövrü ilə heç vaxt barışmayıb və bu müddət ərzində zəfərə doğru addımlamaq üçün bütün gücünü səfərbər edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordu formalaşdırılıb, iqtisadi inkişaf təmin edilib, ölkənin beynəlxalq nüfuzu ciddi şəkildə artıb. 44 gün davam edən Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə işğal altındakı torpaqlar azad olunub, dövlət suverenliyi və milli qürur bərpa edilib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatçılığa tamamilə son qoyulub və Azərbaycanın tam ərazi suverenliyi təmin olunub. Bu gün Azərbaycan qalib ölkə kimi bölgədə yeni reallıq formalaşdırıb.

V.Quliyev çıxışında regionda davamlı sülhün təmin olunması istiqamətində görülən işlərdən də danışıb. O, 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin bölgə üçün mühüm tarixi hadisə olduğunu qeyd edib. Bu sənədin uzun illər davam edən münaqişəyə son qoyaraq Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. O da vurğulanıb ki, Azərbaycanın sülh təşəbbüsləri yalnız iki dövlətin deyil, bütövlükdə regionun rifahına və davamlı inkişafına xidmət edir.

Tədbirdə səfirliyimizin əməkdaşları, Bosniya və Herseqovinada yaşayan həmyerlilərimiz və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Chosen
8
ikisahil.az

1Sources