EN

Laçında Anım Günü - “Zəfər yolunun unudulmaz izləri”

27 Sentyabr – Anım Günü münasibətilə Laçın rayonunda “Zəfər yolunun unudulmaz izləri” adlı genişmiqyaslı tədbir təşkil olunub.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon Dövlət Təhlükəsizlik Xidmətinin, polis şöbəsinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, “Laçın Abadlıq Xidməti” MMC-nin rəhbərləri, idarə və müəssisə kollektivlərinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanı ziyarət olunub. Şəhid Camal Quliyevin məzarı önünə əklillər və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, beş il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı: “27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının simvoluna çevrildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə dövlətimizin tarixində yeni dövrü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Məhz həmin günlərdə cəsur, igid oğullarımız Vətən torpaqlarını azad etmək üçün canlarından keçdilər, qanları ilə tarix yazdılar.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiramla yad edirik və onların ruhu qarşısında baş əyirik. Bizim bu torpaqlarda qurub yaratmağımız onların sayəsində mümkün oldu. Onların fədakarlığı sayəsində Azərbaycan bayrağı Laçında, Şuşada, bütün Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. Onların qəhrəmanlığı sayəsində biz sülh, təhlükəsizlik və quruculuq dövründə yaşayırıq”.

Daha sonra Laçın rayonunun axundu Əsgər Məmmədov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

“LaCinema” kino mərkəzində davam edən tədbirin bədii hissəsində gənc rəssam Fuad Musayevin əsərlərindən ibarət “Zəfər rənglərdə” adlı sərgi nümayiş etdirilib. Sonra 2 nömrəli Laçın şəhər, Ədalət Məmmədova adına Zabux və Sus kənd tam orta məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirin rəsmi hissəsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi Azər Rəsulov və Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin direktoru, tarixçi Mübariz Rüstəmov da tədbirdə çıxış ediblər. Onlar Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan, Azərbaycanın əsgər və zabitlərinin döyüş meydanındakı rəşadətindən bəhs edərək vurğulayıblar ki, bu igidliklər xalqımızın yaddaşında əbədi yaşayacaq. Çıxışlarda qeyd olunub ki, hər bir şəhidin adı tariximizin şərəfli səhifəsinə qızıl hərflərlə yazılıb. Onların fədakarlığı sayəsində bu gün xalqımız qalib, dövlətimiz daha güclüdür.

Bədii hissə ilə davam edən anım tədbirində Əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun şəhid Alı Həsənliyə həsr olunmuş “Hər şey yaxşı olacaq” sənədli filmi, eləcə də rejissor Amil Məmiyevin “Titrəmə” adlı filmi nümayiş etdirilib.

Sonda Laçının Seyrəngah adlanan ərazisində şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçına köçmüş şəhid Sahib Əhmədovun ailəsini də ziyarət edib. O, ailənin mövcud qayğıları ilə maraqlanıb.

Chosen
3
4
xalqqazeti.az

5Sources