Paşinyan artıq ifadələrə ilişir. Bu, erməni cığallığının növbəti təzahürüdür. Ermənistan baş naziri çalışır ki, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan “Zəngəzur dəhlizi” ifadəsi gündəmdən çıxarılsın və onun əvəzində başqa terminlər işlədilsin.
Doğrudur, Azərbaycan da bu dəhlizə “Tramp yolu” kimi xitab edir. Ancaq dəhlizin tarixi adını da qeyd edirik -Zəngəzur dəhlizi. Yeni qoyulan adlar tarixi həqiqətləri və kimliyi dəyişə bilməz və dəyişmir.
Çünki bu, yalnız bir yol deyil, Azərbaycanın tarixi və geosiyasi haqqıdır.
BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin Vaşinqtonda imzalanmış razılaşmalarda əks olunmadığını xüsusi vurğulayıb.
O, bunun rəsmi diskursda işlədilməməli olduğunu iddia edib. Baş nazir həmçinin ABŞ-da imzalanmış ilkin sülh sazişinə diqqət çəkərək, Donald Trampın rolunu “həlledici amil” kimi qiymətləndirib.
Paşinyan çıxışında Ermənistan–Azərbaycan münasibətlərində müəyyən irəliləyişlərin əldə olunduğunu desə də, “Zəngəzur dəhlizi” ifadəsinə qarşı bu həssaslığı, görünür Ermənistanda bir çox qüvvələrin bölgədəki strateji reallıqları qəbul etmək istəməməsindən qaynaqlanır.
Ancaq dediyimiz kimi, tarixi həqiqət dəyişmir…
Musavat.com