EN

“Zəfər qələbəsinin başladığı gün” – Masallıda anım tədbiri

“Zəfər qələbəsinin başladığı gün” – Masallıda anım tədbiri 

 

27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı rayonunda genişmiqyaslı anım tədbiri keçirilib. Tədbir çərçivəsində şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİH aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə “Qəhrəmanlar Parkı”nda yerləşən “Şəhidlər” abidə-kompleksini ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla anıblar, abidə önünə gül dəstələri düzüblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin xatirəsinə dərin hörmət ifadə olunub.
Anım tədbiri Masallı şəhər Heydər Əliyev Mərkəzində “Zəfər qələbəsinin başladığı gün” mövzusunda təşkil olunmuş konfransla davam etdirilib.
Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində ölkəmiz öz torpaqlarını işğaldan azad etdi. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri isə ölkəmizin ərazi bütövlüyünün tam bərpasını təmin etdi.
İcra başçısı həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsində Masallı rayonu 186 şəhid verib, 188 müharibə əlili və 620 iştirakçı olub. Vətən müharibəsində isə Masallıdan 51 şəhid, 70 müharibə əlili və 1364 iştirakçı iştirak edib. 2023-cü il 19 sentyabr tarixində keçirilən antiterror əməliyyatları zamanı isə rayon 8 şəhid verib, 12 hərbi qulluqçusu yaralanıb.
Araz Əhmədov çıxışında vurğulayıb ki, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan Ordusu döyüş hazırlığına və hərbi gücünə görə MDB məkanında ön sıralarda yer alır və Cənubi Qafqazın ən qüdrətli ordusu hesab olunur.
Rayon rəhbəri Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-də xalqa etdiyi tarixi müraciətə də xüsusi yer verib:
“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – bu çağırış Azərbaycan xalqını Qələbəyə səfərbər etdi və bu gün həmin tarix artıq qalibiyyətimizin başlanğıcı kimi qeyd olunur.
Konfransda Milli Məclisin deputatı Fəzail İbrahimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Rəfail Xəlilov, şəhid atası Sarıbala Babayev, Vətən müharibəsi iştirakçısı Rza Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxışlarında bildiriblər ki, Azərbaycanın qazandığı tarixi Qələbə şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığı, xalqımızın iradəsi və dövlətimizin güclü siyasi iradəsi ilə mümkün olub. Şəhidlərimizin qanı ilə yazılan bu Qələbə, xalqımızın tarixində yeni qəhrəmanlıq səhifəsi açıb və Azərbaycan dünyaya öz gücünü, qətiyyətini bir daha nümayiş etdirib.

 

Akif AĞAYEV,
foto: Mahir Əhmədov.

Chosen
5
qht.az

1Sources