EN

Balakənin Şərif kəndini sel basdı - FOTO

Son günlər qonşu Gürcüstanda yağan intensiv leysan yağışları onunla həmsərhəd olan Balakən rayonunda sel və daşqın təhlükəsi yaradıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Şərif kəndində təsərrüfatlara sel-sular zərər vurub.

Mənbəyini qonşu ölkədən götürən İnterçayda suyun səviyyəsi sürətlə artıb. Nəticədə çayın bir neçə hissəsində daşqın qeydə alınıb, sel suları Şərif kəndi ərazisini keçib.

Kənd sakini Abbas Qıstarov bildirib ki, güclü axın kənd təsərrüfatı sahələrinə, həyətyanı torpaqlara və yolların bir hissəsinə ziyan vurub. Sel-sularda azalma olmadığından çayın sahilboyu ərazilərində təhlükə davam edir.
 

Fövqəladə halların qarşısını almaq məqsədilə Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnika və işçi qüvvəsi əraziyə cəlb olunub. Çayda sahilbərkitmə işləri aparılır, axının istiqaməti nəzarətə götürülür. Baş mühəndis İlkin Aslanovun sözlərinə görə, əsas məqsəd daşqının daha böyük fəsadlara yol açmasının qarşısını almaqdır.


Qeyd edək ki, İnterçay mənbəyini Gürcüstan ərazisindən götürür, Balakən rayonundan keçərək təxminən 10 kilometr məsafədə Mazımçaya birləşir. Mənbə zonasında davam edən yağışların həcmi çayın gələcək axınında da təsirini göstərə bilər.


















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
26
2
bizim.media

3Sources