EN

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin BMT-də çıxışı qlobal əməkdaşlıq dövrünün manifestidir”



“25 sentyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış həm tarixi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu nitq təkcə Azərbaycanın haqq mübarizəsinin beynəlxalq müstəvidə bir daha bəyanı deyildi, həm də yeni mərhələnin – sülh, inkişaf və qlobal əməkdaşlıq dövrünün manifesti oldu. Cənab Prezident çıxışına Azərbaycanın illərlə üzləşdiyi ədalətsizlikləri xatırlatmaqla başladı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyon azərbaycanlı doğma yurdlarından didərgin düşmüş, fundamental hüquqları tapdanmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı, beynəlxalq ictimaiyyət isə Ermənistana təzyiq göstərməkdə aciz göründü. Bu tarixi faktların bir daha BMT kürsüsündən səsləndirilməsi Azərbaycanın ədalətli mövqeyinin təsdiqi idi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat bunu da qeyd edib ki, dövlət başçısının nitqində yalnız keçmişin faciələrinə deyil, həm də qələbəyə aparan yola diqqət çəkilir: “Cənab Prezident xatırlatdı ki, Minsk qrupunun 30 ilə yaxın səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, 2020-ci ilin Vətən müharibəsi ilə beynəlxalq hüququ bərpa etdi. Ermənistanın raket zərbələri ilə mülki əhalini hədəfə almasına qarşılıq olaraq, Azərbaycan ordusu humanitar hüquqa tam riayətlə müharibəni apardı. 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktına imza atdı və bununla Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Cənab Prezidentin vurğuladığı kimi, qələbədən dərhal sonra Bakı revanş deyil, sülh seçimini etdi. Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi layihəsi təqdim edildi. Bu prosesin kulminasiyası isə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilən tarixi razılaşma oldu. “Tramp Marşrutu” adlanan yeni regional layihə təkcə sülhü deyil, həm də iqtisadi rifahı təmin edəcək strateji mexanizmə çevrildi. Vaşinqton Sammiti həm də Azərbaycanın ABŞ-la münasibətlərində yeni səhifə açıldı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, 907-ci düzəlişin icrasının dayandırılması və onun birdəfəlik ləğvi istiqamətində atılan addımlar ikitərəfli əməkdaşlığı gücləndirdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun sabitliyi və qlobal təhlükəsizlik üçün dönüş nöqtəsidir.”

Daha sonra Göydəniz Qəhrəmanov cənab Prezidentin nitqində diqqəti çəkən digər mühüm istiqamətlərdən bəhs edib: “Əlbəttə ki, dövlət başçımızın çıxışında mühüm istiqamətlərdən biri də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri idi. Ermənistanın yerlə-yeksan etdiyi şəhərlərin, dağıtdığı məscidlərin yerində bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində yeni həyat qurulur. Artıq on minlərlə insan doğma yurduna dönüb. Lakin mina problemi hələ də ciddi təhlükə olaraq qalır. Cənab Prezident beynəlxalq ictimaiyyəti bu humanitar fəlakətin aradan qaldırılmasına daha fəal dəstək verməyə çağırdı. Qlobal miqyasda isə Azərbaycanın rolunu təsdiqləyən ən mühüm hadisələrdən biri COP29-a ev sahibliyi idi. Bakı konfransı zamanı qəbul edilən “Bakı Maliyyə Hədəfi” iqlim maliyyələşdirilməsində tarixi dönüş yaratdı. Azərbaycan həmçinin enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu bir daha sübut etdi: bu gün ölkəmiz 14 dövlətə qaz ixrac edir, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biridir. Eyni zamanda, yaşıl enerji layihələrinə böyük sərmayə yatırılır, 2030-cu ilə qədər enerji balansının 40 faizini bərpaolunan mənbələrin təşkil etməsi planlaşdırılır. Daha sonra cənab Prezident İlham Əliyev Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsinə diqqət çəkərək, kollektiv fəaliyyətə çağırdı. Bu, Azərbaycanın yalnız regional deyil, həm də qlobal problemlərə məsuliyyətli yanaşmasının göstəricisidir. Azərbaycan, həmçinin müxtəlif ölkələrə humanitar yardım göstərməklə, beynəlxalq həmrəyliyin etibarlı dayaqlarından biri kimi çıxış edir. Dövlət başçımızın nitqinin kulminasiya nöqtəsi isə belə oldu: Azərbaycanın qazandığı qələbələr yalnız milli uğur deyil, həm də beynəlxalq hüququn üstünlüyünün təsdiqidir. Bu, ədalətin gec də olsa təntənəsidir. Cənab Prezident dünya dövlətlərini ikili standartlardan uzaqlaşmağa, qanunun aliliyinə sözdə yox, əmələn hörmət etməyə çağırdı. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT kürsüsündəki nitqi Azərbaycan tarixində yeni bir mərhələnin – işğaldan sülhə, münaqişədən qlobal əməkdaşlığa keçidin rəmzinə çevrildi. Bu çıxış həm Azərbaycan xalqına, həm də beynəlxalq ictimaiyyətə aydın mesaj idi: ədalət zəfər çalıb və Azərbaycan yeni dövrün etibarlı söz sahibidir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Chosen
48
50
aia.az

10Sources