EN

PABLO NERUDA: “ERMƏNİSTAN”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Neruda (1904-1973) Sovet İttifaqında səfərdə olanda Ermənistanda və Suxumidə də olub. Onun “Ermənistan” və “Meymunlar Suxumidə” essesi “Mən də yaşamışam” kitabında yer alıb.

...Son dərəcə şəffaf sularında Ermənistan səmasının təkrarolunmaz maviliyini əks etdirən Sevan (Göyçə gölünü nəzərdə tutur) gölündəki su-elektrik stansiyası heç vaxt yadımdan çıxmaz. Jurnalistlər məndən Ermənistanın qədim kilsə və məbədlərindən aldığım təəsürat haqda soruşanda zarafatla belə cavab verirəm:

- Bütün kilsələrdən ən çox xoşuma gələni Sevan gölündəki su-elektrik stansiyası oldu.

... Yerevanın heyvanat parkında əvvəl içində kondor olan qəfəsə tərəf yollandım, amma əzəmətli həmvətənim məni tanımadı. O qəfəsin uzaq küncündə əyləşib ətrafa bütün ümidlərini, xəyallarını əldən vermiş, Kordilyerin zirvələri üçün darıxan kondorlara xas olan inamsız nəzərlərlə baxırdı. Qotur kondorun halına acıdım, mən vətənə qayıdacaqdım, o isə ömrünün sonunacan burda əsarətdə qalmalı idi.

Tapirlə görüşümüz isə tamam başqa cür oldu. Yerevan zooparkı Amazon tapirinə malik olan tək-tük heyvanxanalardan biridir. Amazon tapiri öküz bədəni, iri burunlu, xırda gözlü kəlləsi olan qəribə heyvandır. Boynuma almalıyam ki, tapirlər mənə oxşayır. Bu artıq sirr deyil. Tapir göl kənarındakı ağılında sakitcə mürgüləyirdi. Amma mən yaxınlaşanda oyandı və elə mehriban baxdı ki, sanki qabaqlar onunla uzaq Braziliyada görüşmüşdük. Heyvanxananın direktoru məndən soruşdu ki, tapirin necə çimdiyinə baxmaq istəyirəm, ya yox. Cavab verdim ki, çimən tapir görmək üçün bütün dünyanı dolaşmışam. Ağılın qapısını açdılar. Tapir mənə xoşbəxt bir mənzərə bəxş edib dəniz şiri, ya da triton kimi fınxıra-fınxıra suya atıldı. O tullanaraq sudan çıxır, silkələnib dörd tərəfini isladır, sevincindən fısıldayır və qəribə akrobatik nömrələrini böyük həvəslə göstərirdi.

Biz onu bu qədər şən görməmişdik, - deyə heyvanxananın direktoru dilləndi.

Günorta Ermənistan Yazıçılar İttifaqının mənim şərəfimə təşkil etdiyi nahardakı təşəkkür nitqimdə tapirin qəhrəmanlıqlarından, heyvanlara məhəbbətimdən də söz açdım. Mən heyvanxanaya getmək imkanından heç vaxt boyun qaçırmamışam, - dedim…

Cavab nitqində Ermənistan Yazıçılar İttifaqının sədri dedi:

- Heyvanxanada vaxt öldürmək Nerudanın nəyinə gərək idi? Elə birbaşa bizim Yazıçılar İttifaqına gələ bilərdi. Ürəyi hansı heyvanı istəsə, burda tapardı - tülkü və suiti, qartal və ilan, dəvə və tutuquşu, çaqqal və dovşan.

SUXUMİDƏ MEYMUNLAR

...Suxuminin iftixarı - böyük meymun yetişdirmə mərkəzidir. Subtropik iqlim tibbi-eksperimental instituta meymunların bütün mövcud növlərini burada saxlamağa imkan verir. İçəri giririk. Sakit meymunlar da var, despot xarakterliləri də. Bozları da var, ağları da var, arxası üçrəng olanları da. Bütöv bir hərəmxana saxlayanları da; bunlar öz paylarını təntənəli bir tərzdə yeyib qurtarmayınca xanımlarını yeməyə buraxmırlar. Burada biologiya üzrə ən qabaqcıl tədqiqat işləri aparılır.

Meymunlar üzərində əsəb sistemi, irsilik məsələləri öyrənilir, həyatın sirlərindən xəbər tutmağa, onu uzatmağa cəhdlər göstərilir.

Diqqətimi yanında iki balası olan xırda bir meymun cəlb etdi. Körpələrdən biri anasını gözdən qoymur, dalınca düşürdü. O birisini isə ana son dərəcə nəvazişlə əlləri üstündə gəzdirirdi. Mərkəzin müdiri danışır ki, əlində gəzdirdiyi onun doğma balası deyil. Meymunlardan biri doğuş vaxtı öləndən sonra körpəsini bu meymun "oğulluğa" götürüb. Elə ilk gündən də onun bütün analıq məhəbbəti, nəvazişi ögey oğula münasibətdə daha çox təzahür edir. Alimlər fikirləşmişlər ki, analıq hissi bu qədər inkişaf etmiş meymun mütləq başqa meymunların da balalarına nəvaziş göstərməlidir. Lakin belə olmur, o hamısını rədd edir. Deməli onun hərəkətləri təkcə təbii instinktlə deyil, həm də anaların həmrəylik hissilə bağlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
azpolitika.info

1Sources