EN

Bu gün onların günüdür

Həssas qrupun təmsilçiləri gündəlik qayğıya möhtacdırlar

Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd nitq və eşitmə qabiliyyəti məhdud olanların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.

Bu əlamətdar günün qeyd edilməsi hər il sentyabrın 23-də keçirilən Beynəlxalq Jest Dilləri Günü (International Day of Sign Languages) ilə əlaqəlidir. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu əlamətdar gün diqqəti nitq və eşitmə imkanları məhdud insanların həyatına yönəltmək, onların problemlərinin həllinə dəstək olmaq, eyni zamanda, həssas təbəqənin cəmiyyət üçün əhəmiyyətini vurğulamaq üçün keçirilir. 72/161 nömrəli qətnamənin təşəbbüskarı isə 1951-ci ildə yaradılmış Ümumdünya Lal-Karlar Federasiyası olub.

Təşkilatın məlumatına görə, dünyada 70 milyondan yuxarı eşitmə qabiliyyətini itirmiş insan yaşayır ki, onların əsas ünsiyyət vasitəsi məhz jestlərdir. Dünya ictimaiyyəti jest dillərini təbii dillər sırasında qəbul edir. BMT bu əlamətdar tarixi təsis edərkən eşitmə imkanları məhdud olan insanların hüquq və azadlıqlarının qorunmasında jest dillərinin rolunu vurğulamağı və diqqəti buna cəlb etməyi hədəfə alıb. Bu, həm də cəmiyyətin davamlı inkişaf proqramının, insanların hüquq və azadlıqlarının, o cümlədən dil və mədəni müxtəlifliklərinin qorunması ilə bağlı prinsiplərə nail olmaqda atılan mühüm addımlardır. Tarixin seçilməsi isə Ümumdünya Lal-Karlar Federasiyasının təsis günü ilə bağlıdır. Bu, həmçinin 1958-ci ildən sentyabrın sonuncu həftəsi qeyd edilən Beynəlxalq Lal-Karlar Günü ilə üst-üstə düşür.

Nitq və eşitmə qabiliyyəti tam məhdud olan insanlar üçün ilk məktəbin əsasını 1760-cı ildə Parisdə rahib de Lepe qoyub. O, mimikalarla danışıq üsulunun banisi, jest dilinin tərəfdarı olub. Danışa və eşidə bilməyənlərin qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Çünki dünyada məşhur olan onlarca belə insanın adını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyerde Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o, həm də gözəl qılınc oynadan və rəqqas idi. Məşhur “Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən” frazası ona məxsusdur.

Tarixdə başqa məşhurların da adı var. Fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo kimi bir çox məşhur şəxsiyyətlərin adlarını çəkmək olar. Beynəlxalq Lal-Karlar Federasiyası eşitmə pozğunluğundan əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirməyə çağırır.

Azərbaycanda da kifayət qədər eşitmə və nitq qüsurlu şəxslər var. Dövlət Statistika Komitəsinin 2024-cü ilə verdiyi məlumata görə, ölkəmizdə 12 mindən çox eşitmə və nitq qabiliyyəti məhdud olan insan yaşayır. Dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün müəyyən işlər görülür. Ölkəmizdə belə məktəb ilk dəfə 1932-ci ildə Bakıda fəaliyyətə başlayıb. 1969-cu ildə isə ikinci məktəb açılıb. Məktəblərdən biri 1, digəri isə 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi adlandırılıb. 2012-ci ildə Nazirlər Kabinetinin qərarilə 1 və 3 nömrəli məktəblər birləşdirilərək onların bazasında 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi yaradılıb. Məktəbdə “Bacarıqlı əllər”, dama, futbol, rəsm dərnəkləri var. Bununla yanaşı, məktəbin şagirdlərindən ibarət rəqs qrupu da mövcuddur.

Azərbaycan Karlar Cəmiyyəti 1929-cu ildən fəaliyyət göstərir. Cəmiyyətin prezidenti Bəhrəm Hüseynov bildirdi ki, bunun üçün bölgələrdə yerli təşkilatlar yaradılıb, bir cox ali təhsil ocaqlarında oxuyan tələbələrə jest dili təlimləri keçirilir:

–Azərbaycan Karlar Cəmiyyətinin 13şəhər və regional nümayəndəliyi mövcuddur. Cəmiyyətin üzvləri ilə tez-tez görüșlər keçirilir, bölgələrdə onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılır, masa arxasında bir cox məsələlər müzakirə edilir. Bununla da eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin təhsil, peşə və asudə vaxtlarının səmərəli keçirilməsi üçün tədbirlər planı hazırlanır. Bu ilin sonunda bəzi regionlarda nümayəndəlik və mədəniyyət evlərinin açılışı da nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının məcəllələrinə bəzi dəyişikliklər edilməsi ilə bağlı Qanun imzalayıb. Dəyişikliyə əsasən, məcəllələrdə mövcud olan bir sıra sözlərlə yanaşı, “lal və kar" sözləri də “nitq və eşitmə qabiliyyəti tam məhdud olan” ifadələrlə əvəz olunub. Məhz bu səbəbdən "Beynəlxalq Lal-Karlar Günü" və "Azərbaycan Karlar Cəmiyyəti" kimi ifadələr müvafiq sözlərlə əvəz edilsə daha uyğun olardı.

Tanrı bəzi insanlara eşitmək, danışmaq qabiliyyəti verməsə də, əvəzində onlara daha güclü yaddaş və hissiyyat verib. Onların yeganə fərqi danışa və eşidə bilməməsidir. İnsanların həssas münasibəti, lazımi qayğı və diqqəti isə bu şəxslərə çətinlikləri aşmaqda olduqca gərəklidir.

Elenora HƏSƏNOVA
XQ

Chosen
23
xalqqazeti.az

1Sources