EN

Kamaləddin Qafarov: İndi əsas məsələ sülhün və tərəqqinin təmin edilməsidir

“Sentyabrın 25-də Ölkə Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış təkcə ölkəmizin mövqeyini dünyaya çatdırmaq deyil, həm də son onilliklərin ən mühüm tarixi reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq qalib ölkə kimi çıxış edir və bu, dövlət başçımızın nitqinin ruhunda aydın hiss olunurdu.”

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında post-münaqişə dövründə Azərbaycanın sülh təşəbbüsləri qlobal auditoriyaya böyük məharətlə təqdim olunub: “44 günlük Vətən müharibəsi ilə xalqımız tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Silahlı Qüvvələrimiz işğal altındakı torpaqları azad etməklə həm Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, həm də BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını həyata keçirdi. Bu, təkcə hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüququn üstünlüyünün bərpasıdır. Azərbaycan göstərdi ki, beynəlxalq qanunlar əgər ədalət uğrunda mübarizə aparmaq əzmi varsa, mütləq işləyir. Bütün bunlar cənab Prezidentin nitqində öz əksini aydın şəkildə tapıb. Zəfərdən dərhal sonra rəsmi Bakı qarşı tərəfə sülh çağırışı etdi. Ölkə Prezidenti dəfələrlə bildirdi ki, Ermənistanla münasibətlər qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması prinsipi əsasında normallaşdırıla bilər. Bu, regionun gələcəyi üçün strateji seçim idi. Azərbaycanın mövqeyi açıq və ardıcıl olaraq qalır: davamlı sülh yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət üzərində qurula bilər. Bu istiqamətdə mühüm dönüş nöqtəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edildi. Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Bu hadisə göstərdi ki, artıq proses konkret mərhələyə daxil olub və Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşır. Azərbaycanın qətiyyətli mövqeyi regionu münaqişələrdən sabitlik və əməkdaşlıq məkanına çevirməkdədir.”

Kamaləddin Qafarov qlobal enerji təhlükəsizliyi məsələsinə dair cənab Prezidentin çıxışında yer almış mesajların önəmini vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev öz çıxışında enerji təhlükəsizliyi məsələsinə də xüsusi yer ayırdı. Azərbaycan uzun illərdir ki, qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Lakin enerji layihələri təkcə iqtisadi maraqları deyil, həm də sülhü, regional bağlantıları və davamlı inkişafı təmin edir. Azərbaycanın enerji siyasəti həm Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də əməkdaşlığı dərinləşdirir. Beləliklə, Azərbaycan BMT Baş Assambleyasında sadəcə söz demədi, həm də öz nüfuzunu bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin nitqi həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün bir mesaj idi: ədalət bərqərar oldu, indi əsas məsələ sülhün və tərəqqinin təmin edilməsidir”.

Chosen
5
13
ikisahil.az

10Sources