EN

Qusarda gənclərlə dövlət suverenliyi və milli birliyin qorunması müzakirə olundu- FOTOLAR

Qusarda“Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir baş tutub.

Məlum olduğu kimi bu gün dünyada hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması, dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir.  Gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin gənclərə düzgün aşılanması istiqamətində Bakı Politoloqlar Klubu tərəfindən sistemli iş davam etməkdədir.

Suverenlik və Konstitusiya ili çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı Politoloqlar Klubu tərəfindən, Qusar rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Qusar Peşə Liseyində “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” adlı tədbir baş tutmuşdur. Qusardakı  ictimai – fəalları, ayrı – ayrı maraq qruplarını, sosial qrupları, ələlxüsus yeniyetmə və gəncləri iştirakı ilə keçirilən tədbirin məqsədi hazırda dünyada və region ətrafındakı bir sıra çağırışlar fonunda yerli gənclərin düzgün formada istiqamətləndirilməsinə dəstək vermək, azərbaycançılıq, dövlət – vətəndaş, xarici qüvvələr kimi anlayışlarla bağlı, eyni zamanda milli-mənəvi dəyərlər, mədəni assimilyasiya, rəqəmsal əsrdə milli kimliyin qorunması və qarşıda duran çağırışlar, Azərbaycana qarşı ideoloji müharibə və sair kimi məsələlərlə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Qusar Peşə Liseyinin direktor əvəzi Nadir Nurullayev tədbirin təşəbbüskarlarına minnətdarlığını ifadə edərək, belə müzakirələrin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.

           Ardınca Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova tədbirin məhz bu mövzuda keçirilməsinin zəruriliyini önə çəkərək, belə seminarların gənc nəslin milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini xüsusi qeyd etmişdir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qusar rayon icra hakimiyyətinin rəhbərliyinə  və  Peşə liseyinin rəhbərliyinə yaradılan şərait üçün təşəkkürünü bildirmişdir. O, hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi seminarların həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur. Zaur Məmmədov Qusarda gənclərin ayrı – ayrı sosial qruplarını təşkil edən 100 nəfərə yaxın iştirakçının dinlədiyi seminarın vacibliyinə toxunmuş, hazırda ölkəmiz ətrafında cərəyan edən çağırışlar, formalaşan perspektivlər haqqında bəhs etmişdir. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Mirzəyeva Azərbaycanda aparılan regional siyasətdən, regionların inkişaf planından, eləcə də gənclərin dövlət siyasətindəki rolundan danışaraq, gələcək nəsillərin milli maraqlara sadiq və müasir dünyagörüşə malik vətəndaşlar kimi formalaşmasının vacibliyini vurğulamışdır.

Politoloq Zaur İbrahimli isə konfrans iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə şimal regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.


.

Chosen
32
news365.az

1Sources