Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gündə torpaqlarımızın azadlığı naminə həyata keçirdiyi döyüş əməliyyatlarında şəhidlərimizlə yanaşı, yaralanaraq qazi statusu qazanan əsgər və zabitlərimiz də olub. Onlardan biri də Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan, ehtiyatda olan baş leytenant Səyavuş Həsənlidir.
AZƏRTAC-ın bölgə müxbiri qəhrəman hərbçimizlə görüşüb, keçdiyi döyüş yolu barədə söhbət edib.
Vətən müharibəsi qazisi Səyavuş Həsənli uşaqlıqdan hərb peşəsinə marağının olduğunu, böyüdükcə bu marağın adını qürurla daşıdığı əmisi sayəsində daha da artdığını deyir: "Əmim Səyavuş Həsənli Birinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanıdır. Uşaqlıqdan hərbə marağımın yaranmasında məhz onun haqqında eşitdiklərim, döyüş yolunun rolu böyükdür. Arzumu gerçəkləşdirmək üçün çalışıb ali hərbi təhsilə yiyələndim. 2017-ci ildə leytenant rütbəsi alaraq xidmətə başladım".
Səyavuş qeyd edir ki, bütün hərbiçilər kimi onun da xidmətə başladığı andan ən ali məqsədi tezliklə 30 il həsrətində qaldığımız torpaqlarımızı azad etmək olub: "Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də verdiyi döyüş əmri ilə gözlədiyimiz məqam, nəhayət ki yetişdi. Bütün Azərbaycan, biz hərbçilər "Dəmir yumruq" ətrafında birləşdik. Ordumuzun qüdrəti və xalqımızın birliyinə arxalanıb döyüşə başladıq. 27 sentyabrdan 8 noyabradək hər gün irəli gedərək torpaqlarımızı geri qaytardıq. Mən və silah yoldaşlarım sentyabrın 27-də Füzuli istiqamətində döyüşə daxil olduq və komandirimizin verdiyi əmri əzmkarlıqla yerinə yetirdik. Döyüş zamanı silahdaşlarımızın üzləri gülürdü, hər kəs arzusuna çatmağın sevincini yaşayırdı. Mən də Birinci Qarabağ müharibəsində şəhid olan əmimin qisasını aldım və bu gün onun adını qalib kimi daşımaq mənim üçün böyük fəxrdir."
"Artıq bütün şəhidlərimizin ruhu şaddır. Bu gün ehtiyatda olan baş leytenant kimi deyə bilərəm ki, şəhidlərimizin qisasını almaq mənim üçün böyük qürurdur, xoşbəxtçilikdir. Ali Baş Komandanın uzaqgörən siyasəti və şəhidlərimizin, qazilərimizin fədakarlığı nəticəsində 30 il işğalda olan torpaqlarımız azad edildi. Fəxr edirəm ki, Vətən müharibəsində qələbənin qazanılmasında kiçik də olsa mənim də payım var və qalib ordunun qalib zabiti kimi ehtiyata buraxılmışam".
Bu gün yüzlərlə şəhid və qazilərimizin sayəsində ərazi bütövlüyümüz tam təmin olunub, üçrəngli bayrağımız əzəli torpaqlarımızda dalğalanır. Nə qədər ki, güclü, bütöv Azərbaycan var, oğullarımızın 44 gündə yazdığı qəhrəmanlıq dastanı unudulmayacaq, oxunub öyrənilərək gələcək nəsillərə ötürüləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.