EN

Qurban Qurbanov və digərlərinin kölgəsində qalan əcnəbilərlə bağlı ŞOK!

Azərbaycan futbolunda söz sahibi olan şəxslərin böyük əksəriyyəti yerli baş məşqçilərə güvənmir.

Xüsusilə imkanlı klublar hər vəchlə əcnəbi baş məşqçi ilə işləməkdə maraqlı olur.

Ən yaxşı halda yerliyə alternativ gözü ilə baxırlar.

Əcnəbi axtarışları uğursuz olur və ya gətirdikləri əcnəbi uğursuz olandan sonra yerli mütəxəssislər yada düşür.

Bu gün "Kəpəz" boş qalan baş məşqçi postuna birinci növbədə əcnəbi gətirməyi düşünür.

Milli komandamızda illərdi bu tendensiya davam edir.

Və ya ortada olan digər nümunə "Sabah" komandasıdır.

Heç bir halda milliyət fərqi qoymağın tərəfdarı deyiləm.

Mütləq yerlilər çalışmalıdır deyə prinsip də yoxdur.

Amma bəzi tələblər mütləqdir. Necə ki, gələn əcnəbi futbolçudan yerli ilə müqayisədə iki dəfə yaxşı oynamağı tələb ediriksə, eyni yanaşma məşqçilərlə bağlı da olmalıdır.

Unutmayaq ki, ən aşağı məbləğ qarşılığında çalışan gəlmənin maaşı əksər hallarda 2-3 dəfə azərbaycanlıdan çox olur.

Onların qalması, qidalanması, ailə-məişət problemlərinin həlli də əlavə xərcdir.

Arxada qalan illər ölkə futboluna çox sayda əcnəbi çalışdırıcı gəlib.

Və bir çox hallarda milyonluq büdcəsi olan klublarımızın başında olublar.

Ölkənin bir nömrəli komandasını çalışdırıblar.

Onların Azərbaycan futboluna verdiyi xeyri tərəzinin bir gözünə, yerli mütəxəssislərin verdiyi faydanı digər gözünə qoyaq. Hansı ağır gələcək? Birmənalı olaraq yerli çalışdırıcıların gördüyü iş.

Qurban Qurbanov tək hamısına bəsdir.

Onu da qoyuram bir kənara.

Zamanında "Xəzər Lənkəran"a Con Toşak, Mustafa Dənizli kimi adlar baş məşqçi gətirildi. Ciddi heç nə ilə yadda qalmadılar. "Xəzər" tarixinin ən ağır məğlubiyyətini Toşakın dönəmində alıb. Söhbət "fırtınalar meydanı"nda yaşanan "Makkabi" faciəsindən (0:8) gedir .

Əvəzində ən böyük uğurlar azərbaycanlı məşqçilərin adı ilə bağlıdır. Bu komandaya çempionluğu, Birlik Kubokunu Ağasəlim Mircavadov qazandırıb. Avrokuboklarda ilk dəfə mərhələ adlamağın sevincini isə digər azərbaycanlı baş məşqçi Yunis Hüseynovla yaşayıblar.

"Neftçi" son 7 ildə 5 xarici məşqçi ilə çalışıb. Onlar "ağ qaralar"a nə veriblər? Heç nə! Komanda gəlmələrin dövründə 2 dəfə avrokuboklara belə vəsiqə qazana bilməyib. Əvəzində yerli baş məşqçi Samir Abasov komandanı çempion edib. Son 7 ildəki ən yaxşı ikinci nəticə - gümüş medal da Abasovun adı ilə bağlıdır. "Neftçi" Azərbaycan futbol tarixində ilk dəfə avrokuboklarda qrup oynayan kollektivdir. Bu uğurun da memarı azərbaycanlı mütəxəssis rəhmətlik Böyükağa Hacıyev olub.

Yaxşı büdcəsi olan "Sabah" klubunun 8 yaşı var. Qısa tarixində 6-7 əcnəbi baş məşqçi gətirib. Avrokuboklarda ən yaxşı halda 1 mərhələ adlayıb. Bu nəticə üçün bu qədər xaricini gətirib, külli miqdarda pul xərcləməyə dəyər?

Son illər "Qarabağ"dan sonra avrokuboklarda ən yaxşı nəticəni "Zirə" göstərib.

Rəşad Sadiqovun baş məşqçisi olduğu "qartallar" ötən mövsüm Konfrans Liqasında pley-off mərhələsinə yüksəlmişdi.

Kurban Berdiyevə ən üst səviyyədə şərait yaradılıb. Ötən mövsüm komanda Tovuzdan Bakıya və ya əks istiqamətə klub üçün ayrılmış xüsusi qatarla gedib-gəlirdi. Kürdəxanıda yüksək səviyyədə baza onun ixtiyarına verilib. Ötən mövsüm komandanı avrokuboklara apara bilmədi. Heç bu sezonda bunu edəcəyi real görünmür. Ayrılan büdcənin, yaradılan şəraitin qarşılığında avrokuboklara getmək çox kiçik nəticədir. Təcrübəli mütəxəssis bunu belə bacarmaqda acizdir.

Ayxan Abbasov, Samir Abasov "Sumqayıt" kimi aşağı büdcəli kollektivlərlə eyni uğuru son illər nə az, nə çox 3 dəfə qazanıb.

Ən son milli komandada bir müqayisəni qeyd edəcəm.

Azərbaycan yığması Qurban Qurbanovun dövründə Millətlər Liqasının C Liqasında lider olmağı son turda əldən vermişdi.

Fernandu Santuşla isə C Liqasında sonuncu olaraq D Liqasına yuvarlandıq.

Məncə, millimizin və klublarımızın əsas problemi yerli və ya əcnəbi mütəxəssis məsələsi deyil.

Çox ciddi idarəçi problemi var. Rəhbər şəxslərin bir çoxu futboldan uzaq adamlardır. Dəyişikliklərə də elə birinci oradan başlamaq lazımdır.

XANOĞLAN İMANOV

Chosen
3
sportinfo.az

1Sources