EN

“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Bakı, 28 sentyabr, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunan Zəfər abidəsinə ziyarət, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Anım və qürur günü” adlı tədbir, Vətən müharibəsi qazilərinin və Azərbaycan Könüllülərinin iştirakı ilə “Könüllü qəhrəmanlar” adlı görüş, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub.

Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatlarının Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən anım tədbirlərində təşkilat nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və tələbə gənclər iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini anmaq, gənclərdə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olub.

Ayrı-ayrı tədbirlərdə edilən çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın və Ordumuzun gücünü, xalq-ordu-dövlət milli birliyini və vəhdətini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, onların əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşlərdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, iki il əvvəl uğurla reallaşan lokal xarakterli antiterror tədbirlərindən, xalq-ordu-dövlət birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs edib, gəncləri maraqlandıran sualları cavablandırıblar.

Chosen
15
2
azertag.az

3Sources