EN

Xəbərdarlıq  №2 – Ora əncam çəkin!

Premyer Liqa çərçivəsində Qubada növbəti oyun baş tutdu.

İki həftə əvvəl Olimpiya İdman Kompleksinin futbol meydanında nominal meydan sahibi qismində “Sumqayıt”ı qonaq edən “İmişli” bu dəfə “Zirə” ilə qarşılaşdı.

Sentyabrın 13-dəki matçın canlı şahidi olaraq cari mövsümdə ilk dəfə elita görüşünə qucaq açan stadiondakı çatışmazlıqlar barədə müəyyən qeydlərimi qələmə almışdım. Ki, növbəti oyunlar üçün nəzərə alınsın, nöqsanlar aradan qalxsın. Nə fayda?

Oyun üçün lazım olan qüvvələrin hər biri cəlb olunmuşdu. Ynğınsöndürən və təcili yardım avtomobili, eləcə də polis nəfərləri. Lakin polislər vəzifə borclarını dayanmalı olduqları tribunada yox, xidməti avtomobildə yerinə yetirirdilər. Çox güman, yağışlı havada islanmamaq həvəsi “poqonlular”ı bu addımı atmağa məcbur etmişdi.

Və həmin vaxt tribunadakı azarkeşlər arasında, yaxud azarkeşlərlə futbolçular arasında hansısa insident yaşansaydı, hadisəyə sıravi vətəndaşlar müdaxilə etməli olacaqdı. Məsələn, fanatlardan biri cibindəki alışqanı, ya da əlindəki plastik su qabını meydana atmaqda sərbəst idi. Polis gözə dəymirsə, deməli, rahatlıq var.

Stadionda media üçün tələm-tələsik yaradılan şərait tələblərə cavab vermir.

Futbolçulardan müsahibə almaq üçün nəzərdə tutulmuş miks-zona sözün əsl mənasında küçənin ortasındadır. Sanki yolun kənarına dörd ədəd dəmir dirək qoyub, qırmızı lentlə əhatəyə alıblar ki, bura müsahibə almaq yeridir.

Bizim üçün problem yoxdur. Onsuz da illərdir bütün çətinliklərə sinə gərə-gərə bu günə gəlib çıxan adamlarıq. Bəs futbolçular?

Oyundan sonra duş qəbul edən hansı ağıllı futbolçu yağışlı və soyuq havada yolun ortasında ayaq saxlayıb müsahibə verər? Özünə düşmən kəsilməyib ki.

Yaxşı ki, AFFA nümayəndəsi Elçin Mehtiyev durumu nəzərə alıb, jurnalistlərin girişi qadağan olunduğu zonada müsahibəyə şərait yaratdı. Sağ olsun.

Çünki özü də əndrəbadi miks-zonanın işə yaramadığının fərqindəydi.

Yer aldığımız media sektor isə jurnalistlərin iş yerini yox, yağışdan qorunmaq üçün özünə daldanacaq seçənlərin məskənini xatırladırdı. Qubalı futbol həvəskarları üstü qapalı sektoru görüb, yanımızda əyləşmək və dayanmaq üçün növbəyə düzülmüşdü (şəkildə görünür). Jurnalistlər üçün nəzərdə tutulmuş əraziyə daxil olmağın qadağan olunmasından xəbərləri yox idi çünki.

“Olmaz” deyən, mühafizə edən yoxdursa, hardan bilsinlər? Necə bilsinlər?

Amma bizim bildiyimiz var. Bildiyimiz odur ki, Qubadakı həmin stadion Premyer Liqanın tələblərinə cavab vermir.

Nə qazon, nə yaradılan şərait, nə nəzarət, nə də... Nə düz gəlir ki?

HƏBİB / SPORTİNFO.AZ

Chosen
6
sportinfo.az

1Sources