EN

"Xaricdə bu yaşda futbolçular yüksək liqalarda şans alır, bizdə isə fürsətlər məhduddur" - MÜSAHİBƏ

“Neftçi” Futbol Akademiyasının məşqçisi Tural Lətifov Sportinfo.az-a müsahibə verib.

Gənc mütəxəssis öz karyerası, gələcək hədəfləri və uşaq futbolundakı problemlərdən söz açıb.

- İşləriniz necə gedir?

- "Difai"də iki mövsüm məşqçi kimi çalışdıqdan sonra "Neftçi" akademiyasında fəaliyyət göstərirəm. Ötən mövsümün ikinci yarısını U-12 komandasında, bu sezondan isə U-17 komandasında məşqçi kimi çalışıram.

- Böyük futboldan uşaq futboluna keçid etmək çətin olmadı?

- Çətin olduğunu deməzdim. Rahat və maraqlı oldu. "Difai" klubunda iki il çalışmaqla özümə yaxşı təcrübə qazandırmışdım. O təcrübədən burada istifadə edirəm və bəhrəsini görürəm. Düzdü, 12 yaşlılardan ibarət komandada bu o qədər də effektiv deyil. AFFA-nın təşkil etdiyi UEFA-nın C kateqoriyalı seminarlarında sahibləndiyim bilgilər keçərlidir. Amma 17 yaşlı uşaqlarla çalışanda böyük futbolda qazandığım təcrübə işimə çox fayda qatır.

- Artıq bir müddətdir "Neftçi"nin akademiyasında çalışırsınız. Uşaq futbolunda vəziyyət necədir?

- Ümumi uşaq futbolunda vəziyyət normaldır, müəyyən çatışmazlıqlar var, amma mənim fikrimcə bunlar yavaş-yavaş aradan qaldırılacaq.

- Bəs “Neftçi”də işlər necə qurulub?

- İşlər tam sürətlə gedir. Hər yaş qrupunda təməl texnika, taktika, fiziki hazırlıq, sosial və psixoloji tərəfdən uşaqlara tam qayğı göstərilir. Bu işlər ilk növbədə rəhbərlik tərəfindən daim nəzarətdə saxlanılır. Rəhbərlik, koordinatorlar və menecerimiz, məşqçilərlə hər gün kommunikasiya qururlar.

- Yeni gələn nəsil nə vəd edir? İstedadlı uşaqlarımız var?

- Ölkəmizdə yetərincə istedadlı uşaqlar var və həmin uşaqların böyük əksəriyyəti həm də bizim akademiyamızda cəmləşib.

- Futbol ictimaiyyətini qayğılandıran problemlərdən biri də odur ki, həm istedadlı uşaqlar məhz 16-17 yaşdan sonra itir. Sizcə, bu nə ilə bağlıdır?

- Azərbaycanda istedadlı uşaqların 16–17 yaşdan sonra itməsinin bir neçə səbəbi var. Əvvəla, bu dövrdə futbolçu artıq uşaq deyil, gənc futbolçudur və ondan həm fiziki, həm də psixoloji baxımdan daha böyük tələblər gözlənilir. Təəssüf ki, bəzi uşaqlar bu keçid mərhələsinə hazır olmur – bəzən intizam, bəzən motivasiya, bəzən də düzgün idarəetmə çatışmazlığı rol oynayır. İkinci əsas amil sistemli yanaşmanın yetərli olmamasıdır. Uşaqlarda 12–15 yaşa qədər potensial görünür, lakin 16–17 yaşda onların inkişafını dəstəkləyən xüsusi proqramlar, gücləndirilmiş fiziki hazırlıq, düzgün qidalanma və psixoloji dəstək tam şəkildə qurulmadıqda, nəticədə onlar geridə qalırlar. Üçüncü səbəb isə rəqabətin azlığıdır. Xarici ölkələrdə bu yaşda futbolçular artıq yüksək səviyyəli liqalarda şans qazanır, bizdə isə həmin fürsətlər məhdud olur. Oyun praktikasının azlığı istedadın itməsinə səbəb olur. Yəni qısaca desək, bu məsələ həm futbolçunun şəxsi yanaşması, həm də klub və ümumi futbol sisteminin iş prinsipi ilə bağlıdır. “Difai”də çalışdığım zaman təcrübə keçmək məqsədilə 2024-cü ilin dekabrında Serbiyanın paytaxtı Belqrada, ölkənin və şəhərin ən öndə gedən komandası “Srvena Zvezda”nın akademiyasına səfər etdim. Məqsədim oradakı işə yanaşmanı, elmi, məşqlərin keçirilmə qaydasını, fiziki hazırlığı və kondisiya tətbiqlərini öyrənmək idi.

- Serbiyada diqqətini çəkən xüsusi nələr oldu?

- Serbiyada iş metodu daha strukturlaşdırılmışdır — uşaq futbolundan başlayaraq hər yaş qrupu üçün dəqiq proqram, fiziki və psixoloji hazırlıq, oyun təcrübəsinə böyük önəm verilir. Ona görə də orada istedadlı futbolçuların inkişafı daha davamlı olur. İkinci məsələ çox dərin və vacibdir, bu — elmdir. Serblər futbola daha çox elmi yanaşırlar. Uşaq futbolunda akademiyalarda antropometriya və performans testləri vasitəsilə geniş və dərin analizlər aparılır. Məni daha çox cəlb edən məqamlardan biri də onların gənc futbolçuların təhsilinə xüsusi önəm verməsi və daim diqqətdə saxlamaları oldu. Məsələn, mənim gözlərim qarşısında U-14 komandasının bir futbolçusu dərslərində çox zəif olduğu, qiymətləri pis olduğu üçün məşqlərdən kənarlaşdırıldı. Mən bu barədə sual verdikdə onlar cavab verdilər ki, ilk növbədə o, yaxşı oxumalıdır ki, sabah böyüyəndə beyninin işi güclü olsun. Çünki futbol təkcə top və ya kondisyon deyil, həm də beynin yaxşı işləməlidir ki, bütün taktiki gedişləri, standart vəziyyətləri və məşqçinin verdiyi bütün tapşırıqları yadda saxlaya biləsən. İkinci vacib məsələ isə odur ki, heç kim 14 yaşlı bir futbolçunun peşəkar futbolçu olacağına zəmanət vermir. Ona görə də əgər birdən futbolsuz qalsa və futbolçu olmasa, yaxşı təhsil almış olsun ki, özünə başqa özünə başqa sahədə yer tapa bilsin, əgər o, futbolçu olmasa belə, qoy ölkəmiz üçün yaxşı bir vətəndaş olsun və gəncliyimizin gələcəyini düzgün şəkildə qursun. Gənclərə böyük bir diqqət yetiririlər, misal üçün Belqradda olduğum müddətdə “Crvena Zvezda”nın əsas komandasında 2007-ci il təvəllüdlü futbolçu Andriya Maksimoviç çıxış edirdi. O, artıq həm əsas komandada, həm də “Crvena Zvezda”nın U-19 komandasında mütəmadi olaraq oynayırdı. Bundan əlavə, o, ölkənin əsas milli komandasına, U-21 yığmasına və eyni zamanda U-19 yığmasına da dəvət olunmuşdu. Yaxşı ki, “Neftçi”nin akademiyasında işlər düzgün istiqamətdə gedir. Düzdü bir qədər zamana ehtiyac var, amma rəhbərliklə olan söhbətlər və onların ümumilikdə akademiya barədə planlarını nəzərə aldıqda insanın könlü rahat olur. Könül rahat olanda isə işləmək də motivasiya ilə gəlir.

- Yenidən ölkə xaricində təcrübə keçmək planları var?

- Bəli, Polşanın “Legia Varşava” klubunun Akademia Piłkarska Legii Warszawa akademiyasında təcrübə keçmək planım var. Son illərdə “Legia”nın müasir təlim-məşq bazası tikilib və istifadəyə verilib, Legia Training Center adlanan akademiyada bütün yaş qrupları üzrə komandalar fəaliyyət göstərir. Klub, həmçinin əlavə təhsil proqramları və Legia Sport Business Programme (LSBP) adlı layihəni də həyata keçirir. Bu səbəblərdən yaxın zamanda təcrübə planlarımı reallaşdırmaq istəyirəm. Amma hal-hazırda mənim üçün prioritet məsələ “Neftçi” U-17 komandasında baş məşqçimiz Rəşad Hüseynovla birlikdə yaxşı bir iş ortaya qoymaqdır. İnşallah, gələcəkdə UEFA “B” kateqoriyasına və UEFA Fitness kateqoriyasına da yiyələnmək planlarım var.

- Məşqçi kimi həfəflərin nədən ibarətdir?

- Mənim hədəfim akademiyada keyfiyyətli iş qurmaqdır. Gənc futbolçuların inkişafına töhfə vermək, onların peşəkar futbola hazırlanması mənim üçün hal-hazırda əsas prioritetdir. Amma uzunmüddətli məqsədim əsas komandada da işləyərək öz təcrübəmi daha yüksək səviyyədə sınamaqdır. Yəni, akademiyada topladığım bilik və təcrübə mənim üçün pilləkəndir. Gələcəkdə isə əsas komandada çalışmaq təbii bir hədəfdir. Allahın izni ilə həmçinin xaricdə işləmək və Azərbaycanı hər hansı Avropa nəhəngində təmsil etmək məqsədim də var. Artıq bu yay Asiyadan təkliflər almışdım, amma özümü hələ belə bir təcrübəyə hazır hesab etmədim. Çünki hələ öyrənməyə və işləməyə ehtiyac var.

XANOĞLAN İMANOV

Chosen
7
sportinfo.az

1Sources