EN

Polşalı gənclərin əksəriyyəti müharibədə iştirak etmək istəmir

Sorğu: 18–29 yaşlıların üçdə ikisi ölkəni müdafiə etməyə hazır deyil...

Poliqon xəbər verir ki, Polşada keçirilən ictimai rəy sorğusunun nəticələri gənclərin böyük hissəsinin mümkün hərbi təhdid, o cümlədən Rusiya tərəfindən ola biləcək “aqressiya” şəraitində belə ölkəni müdafiə etmək niyyətində olmadığını göstərib. İBRiS institutunun 13–14 sentyabr 2025-ci ildə Radio ZET üçün apardığı araşdırmaya əsasən, 18–29 yaş arası gənclərin 69 faizi döyüşmək istəmədiyini bildirib. Onlardan 64 faizi “çox güman ki, yox”, 5 faizi isə “qətiyyən yox” cavabını verib.

Sorğuda iştirak edən gənclər arasında heç kim “qətiyyən bəli” cavabını seçməyib. Cəmi 13 faiz “çox güman ki, bəli” cavabını verib, 18 faiz isə bu suala cavab verməkdə çətinlik çəkib.

Ümumilikdə polşalıların mövqeləri isə təxminən bərabər şəkildə bölünüb: 45 faiz ölkəni müdafiə etməyə hazır olduğunu desə də, 49,1 faiz könüllü şəkildə döyüşməyəcəyini bildirib. Gender baxımından da fərqli yanaşma müşahidə olunub – kişilərin 54 faizi döyüşmək istədiyini deyib, 44 faizi isə bundan imtina edib. Qadınların yalnız üçdə biri ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayıb, 55 faizi isə döyüşmək istəmədiyini bildirib.

IBRiS-in telefon müsahibəsi (CATI) üsulu ilə 1067 nəfər arasında apardığı bu sorğu Polşada hərbi xidmətə münasibətin zəif olduğunu təsdiqləyir. Əvvəlki – 2025-ci ilin aprelində “Rzeczpospolita” qəzeti üçün keçirilən oxşar sorğuda respondentlərin yalnız 10,7 faizi müharibə başlayacağı halda könüllü şəkildə orduya yazılacağını demişdi. Bu göstərici 2023-cü ilin payızı ilə müqayisədə (15,7 faiz) daha aşağı olub.

Hazırda Polşa ABŞ və Türkiyədən sonra NATO-da ən böyük üçüncü orduya sahibdir. Ordunun şəxsi heyətinin sayı 216 min nəfərdir. 2010-cu ildən etibarən Polşa məcburi hərbi xidmətdən imtina edərək, yalnız könüllü müqaviləli xidmət sisteminə keçib.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources