EN

ABŞ-da kilsə qətliamında ölü sayı 4-ə yüksəldi, itkinlər də var

ABŞ-ın Miçiqan ştatının Grand Blanc şəhərindəki Mormon kilsəsində baş verən atışma və yanğında həlak olanların sayı 4-ə yüksəlib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı yerli polis rəisi Uilyam Reyn jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, kilsədə 2 cəsəd də aşkarlanıb, bununla da ölənlərin sayı 4-ə çatıb, daha 8 nəfər yaralanıb.

Bundan əvvəl odlu silahla silahlanmış 40 yaşlı kişi dindarlara atəş açıb, daha sonra kilsə binasını yandırıb. Bir nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilirdi, daha sonra ölü sayı artdı.

Reyn fövqəladə hallar xidmətlərinin cəsədlərin axtarışını davam etdirdiyini bildirib: “Biz bilirik ki, onlardan bəziləri hələ də itkin düşüb”. Onun sözlərinə görə, kilsə “yanğın nəticəsində tamamilə məhv olub”.

Müstəntiqlər şübhəlinin yaxınlıqdakı Burton şəhərinin 40 yaşlı sakini və İraq müharibəsinin veteranı Tomas Yakob Sanford olduğunu müəyyən ediblər. Şübhəlinin polislə atışma zamanı öldürüldüyü bildirilir.

FTB hücumla bağlı təhqiqata rəhbərlik edir. Bütün Miçiqan ştatını əhatə edən FTB-nin Detroit Sahə Ofisinin məsul xüsusi agenti Ruben Koulman bildirib ki, büro bu işə “məqsədli zorakılıq aktı” kimi yanaşır.

Hüquq-mühafizə orqanlarındakı mənbənin CNN-ə verdiyi məlumata görə, hazırda şübhəlinin yaşadığı evdə axtarış aparılır və səlahiyyətlilər cinayətkarın motivlərinə aydınlıq gətirə biləcək rəqəmsal media üçün axtarış orderlərinin alınması üzərində işləyirlər.

Mənbənin sözlərinə görə, Miçiqan ştatında onlarla hüquq-mühafizə orqanı əməkdaşı istintaqa cəlb olunub.

 

Musavat.com

Chosen
9
1
musavat.com

2Sources