Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimindən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Modern.az xəbər verir ki, görüşdə iştirak edənlər arasında Gəncə terroru zamanı təbəssümü ilə yadda qalan Bəxtiyar Heydərli olub.
Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş “Scud” ballistik raket sistemi ilə atəşə tutub. Nəticədə uşaq, qadın, qocalar da daxil olmaqla, dinc insanlar həlak olub və yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda, 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.
Bəxtiyarı dağıntılar altından dayısı çıxarıb. Terrordan sonra onun qorxudan ayaqları tutulub, yalnız iki gün sonra yeriməyə başlayıb.
Bəxtiyarın görüşdən fotolarını təqdim edirik: