Bakı.TurkicWorld
Zəngəzur dəhlizinin açılması Türk dövlətləri üçün müəyyən imkanlar yaradacaq.
TurkicWorld xəbər verir verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi" mövzusunda konfransda deyib.
"Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici güclər tək bir dövlətlə deyil, bir dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalır. Bəzi fərqliliklərə baxmayaraq, Türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndiyini görmək mümkündür. Bu, bəzi xarici qüvvələri narahat edir. Onlar Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndirici təklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələr regiondakı müstəqil dövlətləri hələ də "parçala və hökm sür" məntiqi ilə idarə etməyə çalışırlar. Buna qarşılıq olaraq, biz TDT çərçivəsində əməkdaşlıq və həmrəyliyimizi daha da gücləndirməli, xarici qüvvələrin məqsədlərinə çatmasına imkan verməməliyik", - deyə Fərid Şəfiyev bildirib.