BAKI, 29 sentyabr. TELEQRAF
Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi çərçivəsində müəyyən razılaşmalar əldə olunub. Bu, regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması Türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanların yaranmasına şərait yaradır.
Teleqraf xəbər verir ki, “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusuna həsr olunmuş konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
"Bu istiqamətdə Türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyimizin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək. Bütün bunlar isə regiondakı gücümüzü artıracaq və dünya siyasətində mövqeyimizi daha da möhkəmləndirəcək", - deyə bildirib.