EN

Trampın Rusiya siyasətində üçüncü raund dilemması

ABŞ və Rusiya arasında bu payız keçiriləcək üçüncü danışıqlar raundu ziddiyyətli siyasi fon üzərində baş tutur.

ABŞ-nin irəli sürdüyü bir sıra şərtlərin Rusiya tərəfindən müəyyən dərəcədə yerinə yetirilməsinə baxmayaraq, Donald Trampın əsas siyasi vədlərindən biri olan müharibənin dayandırılması hələ də reallaşmayıb. Bu, onun siyasətinə ciddi zərbə vuraraq daxili auditoriyada fiyasko kimi qiymətləndirilir. Trampın narazılığı və Moskva ilə bağlı sərt emosional münasibəti danışıqlarda gərgin ritorikanın üstünlük təşkil edəcəyini göstərir.

Bununla belə, üçüncü raundun keçirilməsi ABŞ-Rusiya münasibətlərinin tam qopmadığını nümayiş etdirir. Bu görüş, hər şeydən əvvəl, diplomatik kanalların qorunub saxlanılması və böhran idarəçiliyinin davam etdirilməsi baxımından əhəmiyyətlidir.

Vaşinqton Moskva ilə təmasdan imtina etmir, çünki qlobal miqyasda həm Çinlə rəqabət, həm də Yaxın Şərqdəki mürəkkəb proseslər fonunda Rusiya faktorunu nəzarətsiz buraxmaq ABŞ üçün risklidir.

Eyni zamanda, Rusiya da bu dialoqu sanksiyaların yüngülləşdirilməsi və beynəlxalq təcridin azaldılması istiqamətində fürsət kimi görür.

Üçüncü raundun nəticələri tərəflər arasında böyük geosiyasi dəyişikliklərə səbəb olmasa da, texniki məsələlərdə irəliləyiş əldə oluna bilər. Vizalar, səfirliklərin fəaliyyəti və diplomatik əmlak kimi mövzular üzrə kompromis tərəflərə qarşılıqlı etimadın müəyyən dərəcədə bərpası üçün zəmin yarada bilər.

Bununla belə, əsas strateji ixtilaflar - Ukrayna böhranı, NATO-nun genişlənməsi və enerji təhlükəsizliyi - hələ də açıq qalır. Trampın sərt ritorikasına rəğmən görüşün keçirilməsi isə bir məqamı aydın göstərir: ABŞ-Rusiya münasibətlərində qapılar tam bağlanmayıb və minimum əməkdaşlıq platforması hələ də mövcuddur.

Ruslan Zəngəzur

Chosen
11
1
bakivaxti.az

2Sources