EN

Akademik Zemfira Səfərovanın monoqrafiyası ingilis dilində nəşr edilib

Bakı, 29 sentyabr, AZƏRTAC

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli həyatı və yaradıcılıq fəaliyyəti” monoqrafiyası ingilis dilində çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, monoqrafiyaya akademik İsa Həbibbəyli “Üzeyir Hacıbəyli sənətinin elmi varisi” adlı ön söz yazıb. Kitabda Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti geniş təhlil olunur, onun ədəbiyyat, incəsənət, təhsil və mətbuat sahəsində, xüsusilə Azərbaycan musiqi mədəniyyətindəki rolu ətraflı şəkildə işıqlandırılır. Müəllif, həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinə gətirdiyi yenilikləri, “Sənsiz” və “Sevgili canan” romanslarının əhəmiyyətini, “Azərbaycan xalq musiqisinin əsasları” əsəri ilə qoyduğu nəzəri bünövrəni xüsusi vurğulayır. Nəşrdə bəstəkarın publisist və elm təşkilatçısı kimi fəaliyyəti də diqqət mərkəzindədir.

Akademik Zemfira Səfərova kitabda Üzeyir Hacıbəylinin irsini yalnız sənət müstəvisində deyil, həm də milli kimlik, vətənpərvərlik və elmi irs prizmasından təqdim edib. Onun dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı apardığı çoxillik tədqiqatların nəticəsi olan bu əsər üzeyirşünaslığın fundamental mənbələrindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, akademik Zemfira Səfərova yarım əsrdən artıq bir müddətdə Üzeyir Hacıbəylinin ölməz irsini hərtərəfli araşdırıb, çoxsaylı monoqrafiya və məqalələrlə yanaşı, müxtəlif ölkələrdə onun haqqında elmi əsərlər nəşr etdirib. Onun elmi fəaliyyəti nəticəsində Üzeyir Hacıbəyli yaradıcılığı yalnız Azərbaycanda deyil, dünya musiqişünaslıq elminin də diqqət mərkəzinə çıxarılıb.

Oxuculara ingilis dilində təqdim edilən bu monoqrafiyanı akademik Zemfira Səfərova dahi bəstəkarın 140 illik yubileyi münasibətilə ərsəyə gətirib. Bu kitab, həmçinin dünyaşöhrətli sənətkarın yaradıcılığının ingilis dilində yenidən təqdim olunması baxımından böyük əhəmiyyət kəsb edir.

“Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul redaktoru isə Memarlıq və İncəsənət İnstitutunun direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur.

 

Chosen
10
3
azertag.az

4Sources