Bakı. TurkicWorld
Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Sammiti 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək.
TurkicWorld xəbər verir ki, bunu TDT baş katibinin müavini Ömər Kocaman Bakıda TDT üzv dövlətlərin beyin mərkəzlərinin konfransında bəyan edib.
"Türk dövlətləri arasında ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan qardaşlıq münasibətləri mühüm strateji potensiala malikdir", – deyə o, vurğulayıb.
Kocaman xatırladıb ki, Türk Dövlətləri Təşkilatının yaradılması haqqında saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanıb və Azərbaycanın təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi rolunu qeyd edib.
"Türk dünyası geniş coğrafiyaya, böyük hərbi potensiala, zəngin resurslara, nəqliyyat dəhlizlərinə və gənc, sürətlə artan əhaliyə malikdir. Biz birgə səylər göstərməliyik ki, TDT dünya arenasında mühüm oyunçuya və güc mərkəzinə çevrilsin",- deyə baş katib müavini bildirib.