Məktubda qeyd olunur ki, İran "dayandırılmış qətnamələrin bərpası" ilə bağlı Katibliyin təşəbbüsünü qanunsuz hesab edir. Daimi nümayəndə vurğulayıb ki, 2231 saylı qətnamə Katibliyə belə qərarlar qəbul etmək və ya üzv dövlətləri məlumatlandırmaq səlahiyyəti vermir. Bu məsələ yalnız Təhlükəsizlik Şurasının yurisdiksiyasına aiddir.
Sənəddə 2020-ci ilin oktyabrında ABŞ-nin oxşar iddialar irəli sürdüyü zaman Təhlükəsizlik Şurasında ciddi fikir ayrılıqlarının yarandığı və Katibliyin hər hansı birtərəfli addım ata bilmədiyi xatırladılıb. İran tərəfi Katibliyin son hərəkətini "üç Avropa dövləti və ABŞ-nin tərəfini saxlamaq" kimi qiymətləndirib və bunun BMT Nizamnaməsinin 100-cü maddəsinin pozuntusu olduğunu bildirib.
Məktubda Katibliyin qərəzli davranışının onun nüfuzuna zərbə vurduğu, üzv dövlətlərin etimadını sarsıtdığı və təhlükəli presedent yaratdığı vurğulanıb. İran bu addımları hüquqi cəhətdən əsassız və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirərək, dərhal düzəliş edilməsini və Katibliyin gələcəkdə bu cür məsələlərə qarışmaması üçün zəmanət verilməsini tələb edib.
Nümayəndə Əmir Said İravani məktubun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmasını da xahiş edib.