EN

Rusiya məğlub oldu, amma ölkə də iki yerə bölündü

BAKI, 29 sentyabr. TELEQRAF

“Müasir dövrdə bəzi dövlətlərdəki seçkilər daxili auditoriya ilə yanaşı, xarici qüvvələri daha çox maraqlandırır və burada xalq ayrı-ayrı qlobal oyunçuların maraq obyektinə çevrilir. Ermənistanda, Moldovada, Gürcüstanda keçirilən parlament seçkiləri bu qəbildəndir”.

Teleqraf xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov bildirib.

Ekspertin fikrincə, sentyabr ayının ən vacib mövzularından biri Moldovadakı parlament seçkiləridir:

“Sentyabrın 28-də baş tutan seçkilər ölkənin gələcək yolunu müəyyən etməli idi. Növbəti dörd il üçün seçiləcək parlament ya ölkəni 2024-cü il iyunun 25-də rəsmi üzvlük danışıqları açılan Avropa İttifaqına doğru aparacaqdı, ya da Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyən qüvvələrin gəlməsi ilə Avropa İttifaqına inteqrasiya prosesi dondurulacaqdı.

Bu dəfə parlamentdə 4 yox, 5 partiya təmsil olunacaq. Hazırkı Prezident Maya Sandu 50 faiz civarında səs toplayaraq ilk yeri qazanıb. Sosialist Partiyası (PSRM), Kommunistlər və Moldovanın Gələcəyi partiyalarını birləşdirən Rusiyayönlü “Vətənpərvərlər” bloku 24,25 faiz səslə ikinci yeri tutub. Özünü “avropapərəst” adlandıran, amma keçmişləri Rusiya ilə bağlı olan siyasətçilərin daxil olduğu “Alternativ” blok 7,98 faiz səslə ilk üçlüyü tamamlayıb.

Renat Usatovun “Bizim Partiya” Partiyası da6,2 faiz səslə parlamentə daxil oldu. Sürprizi isə Vasili Kostyukun “Evdə Demokratiya” Partiyası etdi. Seçki kampaniyasını hökumət rəsmilərini tənqid edən TikTok videoları üzərində quran partiya səslərin 5,6 faizini toplayaraq minimal barajı keçə bildi.

Seçkilərdən əvvəl istər hökumət, istərsə də müxalifət kütləni səfərbər etmək üçün kəskin bəyanatlar verməklə məşğul idi.Sandu Rusiyanı Moldovadakı seçkilərə müdaxilə etməkdə günahlandıraraq, onlar qalib gəlməsə, Kremlin bu ölkədə oturacağını və Odessaya hücum edəcəyini bildirmişdi. Öz növbəsində, keçmiş prezident İqor Dodon hakimiyyəti seçkilərə müdaxilədə günahlandırmaqda davam edir”.

Zaur Məmmədov qeyd edib ki, son seçkilərdə bir il əvvəl baş tutan prezident seçkiləri və referendumla eyni nəticələri göstərib:

“Həmin dövrdə Avropadakı diasporun hesabına son anda hakim partiya qalib gəlməyi bacarmışdı. Maraqlısı budur kı, o dövrdə də, dünənki seçkilərdəki kimi əhalinin təxminən yarısı proseslərdən uzaq qalmağa üstünlük verdi. Partiyalar arasında ideoloji fərqlərin kəskinləşdiyi seçkilərdə“qərarsız seçicilər”in sayı azalmadı (“Undecided voters” ).

Bunun bir neçə səbəbi ola bilər. Birincisi, əhali geosiyasi seçim kimi məsuliyyətli addımdan qaçaraq gündəlik çağırışlar haqqında düşünür. Yüksək inflyasiya, enerji qiymətləri, gündəlik xərclərin artması kimi problemlər insanları daha çox maddi-sosial məsələlərə yönəltmiş ola, ideoloji-siyasi seçimlər ikinci planda qala bilər.

Digər yandan, əhalinin bir hissəsi seçkinin nəticələrinin öz sosial durumlarına dərhal fayda gətirməyəcəyini düşünə bilər. Bu növ “faydanın (qazancın) gec gələcəyi” düşüncəsi motivasiyanı azalda bilər. Sorğularda göstərirdi ki, yerli seçicilərin böyük hissəsi hələ seçkilərdə necə səs verəcəyini qərarlaşdırmamışdı və ya səs verməyi düşünməyənlər arasında narazılıq və ümidsizlik var idi.

Beləliklə, Moldovada ölkənin gələcəyi milli identiklik və xarici siyasətlə bağlıbaxış bucağında kəskin qütbləşmə var və cəmiyyət faktiki olaraq iki yerə parçalanıb.Bu parçalanma həm regional xətt üzrə (şəhər-kənd, mərkəz-periferiya), həm də nəsillər arasında özünü göstərir.

Chosen
1
1
teleqraf.com

2Sources