EN

“Görüş yeni əməkdaşlıq platforması yaradır”- Politoloqdan şərh

Sentyabrın 25-də Ağ Evdə keçirilən Tramp-Ərdoğan görüşü diqqətçəkici format və məzmunu ilə seçilib. İki saatdan uzun davam edən danışıqlar tərəflərin yalnız mövcud problemləri müzakirə etməklə kifayətlənmədiyini, həm də münasibətlərdə yeni səhifə açmaq istədiklərini göstərib. Trampın protokoldan kənar olaraq Ərdoğanı səmimiyyətlə qarşılaması və mətbuat konfransındakı dostluq mesajları bunu aydın göstərir.

ABŞ üçün Türkiyə hazırda regional balansın qorunmasında strateji tərəfdaşdır. Çinlə rəqabət, Rusiya ilə risklərin idarə olunması və Yaxın Şərqdə gərginliyin nəzarətdə saxlanması kimi çağırışlar fonunda Vaşinqton Ankara ilə əməkdaşlığı gücləndirməyə çalışır. Tramp həmçinin bu əməkdaşlığı daxili siyasətdə seçicilərə “tez nəticə verən lider” imici kimi təqdim edə bilər.

Türkiyə isə bu görüşdən öz maraqlarına uyğun yararlanmağa çalışır. Ankara balans siyasətini davam etdirərək NATO üzvü kimi Qərblə əməkdaşlığı qoruyur, eyni zamanda Rusiya və digər regional güclərlə dialoqu gücləndirir. Ərdoğan ABŞ-a təhlükəsizlik (Suriyada terror təhlükəsinin azaldılması), enerji və logistika (qaz və nəqliyyat dəhlizləri), həmçinin müdafiə sənayesi (F-16 və F-35 proqramları) sahələrində fayda təklif edir.

Görüşün regional təsirləri Yaxın Şərq, Qafqaz və Qara dənizdə hiss olunacaq. Qəzza böhranı və Suriyada gərginliyin idarə olunmasında ABŞ Türkiyənin mövqeyini daha çox nəzərə almağa məcbur ola bilər. Qafqazda isə Türkiyə ilə ABŞ-ın yaxın əməkdaşlığı Azərbaycanın maraqlarına uyğun yeni imkanlar yarada bilər. Qara dənizdə enerji və təhlükəsizlik məsələlərində Türkiyənin rolu Vaşinqton üçün əvəzsizdir.

Azərbaycan üçün bu görüşün dolayı nəticələri müsbət ola bilər. Türkiyə və ABŞ arasında əməkdaşlığın güclənməsi Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələrinə əlavə dəstək təmin edə, tranzit risklərini azalda və siyasi mövqeləri möhkəmləndirə bilər. Təhlükəsizlik baxımından da Türkiyənin artan rolu Cənubi Qafqazda stabilliyi gücləndirən yeni mexanizmlər yaradır.

Ümumilikdə, Ərdoğan-Tramp görüşü iki ölkə arasında yeni əməkdaşlıq platformasının başlanğıcını qoyur. ABŞ Türkiyəni yalnız NATO müttəfiqi kimi deyil, regional güc olaraq da qiymətləndirir. Türkiyə isə çoxvektorlu siyasətini davam etdirərək bu dialoqdan maksimum fayda əldə edir. Hər iki tərəf üçün faydalı olsa da, münasibətlərin diqqətlə idarə olunması vacibdir.

Züriyə Qarayeva


Chosen
10
news365.az

1Sources