EN

Üzeyir Hacıbəyli festivalı “Koroğlu” operasının yeni quruluşda təqdimatı ilə yadda qaldı

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, sentyabrın 28-də Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının yeni quruluşda nümayişi baş tutub.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və qətiyyətli addımlarının nəticəsi kimi müasir tariximizə yazılıb. Bu böyük dönüş mədəni həyatımızın bütün sahələrinə – teatr, muzey, konsert və sərgi fəaliyyətinə də yeni məzmun gətirib. Son illərdə klassik irsin yenidən dəyərləndirilməsi, səhnə və ekran əsərlərinə müasir baxışların tətbiqi diqqətəlayiq istiqamətlərdən biridir. Hazırlanan layihələrdə həm dövrün aktual çağırışları, həm də milli-mənəvi dəyərlərin, tariximizin və mədəniyyətimizin təbliği xüsusi önəm daşıyır.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının, Fikrət Əmirovun "Nəsimi dastanı” baleti və “PAŞA Bank”ın dəstəyi ilə yenidən bərpa olunan və müasir səhnə estetikasına uyğunlaşdırılan “Koroğlu” tamaşasına münasibətdə də bu amilləri görmək mümkündür. Çünki mədəniyyət sahəsində yaradılan məhsullar təkcə estetik zövqü deyil, həm də ictimai yaddaşı və milli kimliyi möhkəmləndirən mühüm vasitədir.
“Koroğlu” operasını rəsmilər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri və operasevərlər izləyiblər.

Səhnə əsəri Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən hazırlanıb. Orkestrin dirijoru Mustafa Mehmandarov, tamaşanın quruluşçu rəssamı SSRİ Xalq rəssamı Tahir Salahov, rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə, repetitorlar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Yuri Lobaçevdir.

Üçpərdəli, 5 şəkilli tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak ediblər. Əsərin baş qəhrəmanı Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artisti İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış ediblər.

Ehsan paşa – Fəhmin Əhmədli, İbrahim xan – Nazim Mahmudov, Həmzə bəy – Əməkdar artist Fərid Əliyev, Alı – Xalq artisti Əkrəm Poladov, kəndli Nadir və Eyvaz rollarında isə Nəzər Bəylərov səhnədə olub.

Digər rolları isə Əməkdar artist Əliəhməd İbrahimov (Təlxək və Carçı), Hidayət Əliyev (Polad), Xalq artisti Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artist Tural Ağasıyev və Məmmədhəsən Şəmmədov (Əyanlar) canlandırıblar.

Chosen
12
9
publika.az

10Sources