BAKI, 29 sentyabr. TELEQRAF
Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda tarixi strateji yenidən qurulmasına gətirib çıxaracaq, Azərbaycanın Şərq-Qərb tranzit qovşağı kimi rolunu gücləndirəcək və Ermənistanı daxili iğtişaşlara qarşı həssas edəcək.
Teleqraf xəbər verir ki, bu, “Stratfor” analitik mərkəzinin (ABŞ) proqnozudur.
ABŞ nəşrinin fikrincə, Ermənistan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq gündəliyinin imzalanması da daxil olmaqla, tədricən Qərbə inteqrasiyanı davam etdirəcək:
“Rusiya ilə ikitərəfli ticarət azalmağa davam edəcək, amma Moskvanın istifadə edə biləcəyi kənd təsərrüfatı, enerji və əmək miqrasiyasında dərin struktur əlaqələri qalacaq. Rusiya ilə təhlükəsizlik əlaqələrinin zəifləməsi və Qərbin məhdud dəstəyi ilə Ermənistan ikitərəfli münasibətlərin pisləşəcəyi təqdirdə Azərbaycanın qarşısında müdafiəsiz olaraq qalacaq. Bakı ilə sülh sazişi fonunda Ermənistanın Azərbaycanı sakitləşdirmək üçün Konstitusiya islahatları ilə bağlı daxili həssaslığı siyasi gərginliyi daha da artıra və uzunmüddətli etirazlara səbəb ola bilər”.
“Stratfor”un proqnozuna görə, Azərbaycan enerji və logistika qovşağı rolundan istifadə edərək, Rusiya ilə məsafəni qoruyaraq, iqtisadi əlaqələri pozmadan regional güc kimi çıxış edəcək:
“Azərbaycanın regional rolunun güclənməsi Orta dəhliz vasitəsilə ticarət həcminin artması və Avropa İttifaqına qaz ixracının genişləndirilməsi ilə şərtlənəcək”.
Analitik mərkəz həmçinin hesab edir ki, oktyabrda keçiriləcək yerli seçkilərdən sonra Gürcüstanın hakim partiyası avtoritar idarəetmənin möhkəmlənməsini sürətləndirəcək, bu da Aİ-yə üzvlük prosesinin rəsmi dayandırılmasına və əhalinin qərbyönlü təbəqəsi ilə parçalanmanın dərinləşməsinə səbəb ola bilər:
“Rusiyanın Gürcüstanın separatçı regionlarını işğal etməsi onun əsas milli təhlükəsizlik problemi olaraq qalsa belə, Tbilisi özünün rusiyayönlü oriyentasiyasına uyğun olaraq münaqişəsiz birgə yaşayışa çalışacaq”.