EN

Rusiyada sosial pensiyalar ləğv olunur: Azərbaycanlılara təsir edəcəkmi?

Dövlət Dumasının deputatı və LDPR partiyasının sədri Leonid Slutski federal büdcənin yükünü azaltmaq məqsədilə Rusiyada miqrantlara verilən sosial pensiyaların ləğvini təklif edib. Maraqlıdır, sosial pensiyaların ləğvi Azərbaycandan Rusiyaya işləməyə gedən vətəndaşların pensiya hüquqlarına təsir edəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Rusiyada miqrantlar üçün iki növ pensiya sistemi mövcuddur: siğorta və sosial pensiya.

Xaricdən

“Siğorta pensiyası yalnız rəsmi iş yerlərində çalışan və siğorta haqlarını ödəyən xarici vətəndaşlara şamil olunur. Azərbaycan və Rusiya arasında bu sahədə dövlətlərarası saziş mövcuddur və digər MDB ölkələri kimi, əmək fəaliyyəti dövründə yığılan siğorta stajı nəzərə alınır.

Sosial pensiya isə Rusiyada 15 ildən çox yaşayan və yoxsulluq həddində olan əhali kateqoriyasına aid edilir. Bu ödənişlər əsasən sosial müdafiə məqsədli olub, büdcə və siğorta haqları hesabına maliyyələşdirilir”, – deyə ekspert qeyd edib.

Asif İbrahimovun sözlərinə görə, Slutski tərəfindən irəli sürülən təklif məhz sosial pensiyaların ləğvi ilə bağlıdır:

“Bu, Rusiyanın iqtisadi çətinliklərinin göstəricisidir. Ukrayna ilə müharibə və Qərbin tətbiq etdiyi sonuncu sanksiyalar fonunda ölkədə iqtisadi tənəzzül daha da dərinləşir. Belə addımlar da büdcə yükünü azaltmaq üçün gündəmə gətirilir.”

Ekspert vurğulayıb ki, sosial pensiyaların ləğvi Azərbaycandan Rusiyaya işləməyə gedən vətəndaşların gələcək pensiya hüquqlarına təsir etməyəcək:

“Bu, yalnız Rusiyada uzunmüddətli yaşayan və sosial dəstək alan şəxslərə aiddir. Azərbaycan vətəndaşlarının gələcəkdə ölkə daxilində yaşa və əmək stajına görə pensiya almasına heç bir maneə olmayacaq. Çünki bu məsələ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunvericiliyi ilə tənzimlənir və hər hansı ziddiyyət mövcud deyil.”

Aynurə İsmayıl

KONKRET.az

Chosen
15
1
konkret.az

2Sources