EN

Gizli proqram yenidən bərpa edilir- Daha bir ölkə nüvə silahı hazırlamağı planlaşdırır

İsveçdə hərbi nüvə proqramının bərpası ilə bağlı müzakirələr gedir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Hələ mart ayında İsveç Demokratlar Partiyasının lideri Cimmi Akesson bildirmişdi ki, hazırkı təhlükəsizlik şəraitində ölkənin İkinci Dünya müharibəsinin sonundan bəri gizli şəkildə inkişaf etdirdiyi nüvə proqramına qayıtmağın vaxtı çatıb.

Bir neçə həftə sonra İsveçin dövlət tərəfindən idarə olunan Milli Müdafiə Tədqiqatları İnstitutunun (FOA) tədqiqatçısı Robert Dahlsjö deyib ki, Stokholmda İsveç komponenti ilə müstəqil nüvə silahı yaratmağı nəzərdən keçirməyin vaxtı çatıb.

Britaniya nəşrinin yazdığına görə, bu mövqeyi hökumətin tərkibində olan Xristian Demokratlar Partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Elis Todoresku Möve də bölüşür. O hesab edir ki, İsveç vahid Avropa nüvə strategiyasının hazırlanmasında rol oynamalıdır.

İsveçin nüvə proqramı 1945-ci ildən 1972-ci ilə qədər məxfi şəkildə aparılıb. İsveç ərazisində bir neçə nüvə sınağı partlayışı həyata keçirilib. 1957-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İsveçin gələcək beş il ərzində bəzi nüvə silahları istehsal etmək üçün kifayət qədər inkişaf etmiş reaktor proqramına malik olduğu qənaətinə gəlib. Səkkiz il sonra hesablamalar Stokholmun nüvə bombasına malik olmasına cəmi altı ay qalmış olduğunu göstərib. Amma hökumət proqramdan imtina etmək qərarına gəlib. Nəşr səbəb kimi İsveç cəmiyyətinin kəskin etirazını, proqramın saxlanmasının böyük xərclərini və ABŞ-nin gizli təhlükəsizlik zəmanətlərini göstərir. Bunun ardınca ölkədəki proqramla əlaqəli bütün nüvə obyektləri dağıdılıb və ya başqa məqsədlər üçün konvertasiya edilib, 2012-ci ildə isə qalan plutonium ABŞ-də saxlanmaq üçün daşınıb.

Xatırladaq ki, hazırda 9 ölkədə nüvə silahı var. Həmin ölkələr bunlardır: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Pakistan, Hindistan, Şimali Koreya və İsrail

AzPost.az

Chosen
10
1
azpost.info

2Sources