EN

Tarixi Qələbədən yeni strateji hədəflərə: regional təhlükəsizliyik məsələsi və liderlik missiyası

Asif Əsgərov

Milli Məclisin deputatı

Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın regional və qlobal arenadakı strateji mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı çıxışında milli maraqların qorunması, beynəlxalq hüquqa sadiqlik və sülhün təmin olunması istiqamətində ölkəmizin atdığı mühüm addımlar barədə geniş məlumat verib.

30 ilə yaxın davam edən danışıqlar nəticəsiz qaldıqdan sonra – 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. Ermənistanın həyata keçirdiyi hərbi cinayətlər – şəhərlərə raket atəşləri, kasetli mərmilərlə hücumlar və yüzlərlə günahsız mülki vətəndaşın qətlə yetirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı, mülki obyektləri hədəfə almadı və dinc əhalinin təhlükəsizliyini qorudu. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan uzun illər kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etdi.

Zəfərdən dərhal sonra Azərbaycan qalib dövlət kimi Ermənistanla münasibətlərin normallaşdırılması üçün konstruktiv təşəbbüslər irəli sürdü. Beynəlxalq hüquqa əsaslanan beş prinsip və sülh müqaviləsi layihəsi təqdim edildi. 2022-ci ildən 2025-ci ilin yayına qədər aparılan danışıqlar yalnız ikitərəfli əsasda, kənar müdaxilələr olmadan nəticə verdi. Bu yanaşma ölkəmizin həm regional, həm də beynəlxalq səviyyədə lider mövqeyini gücləndirdi və sülh prosesində nümunəvi model təqdim etdi.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsini parafladılar, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri isə Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Trampın şahidliyi sənədin beynəlxalq legitimliyini gücləndirdi. Bu addım həm də uzun müddət davam edən format dəyişikliyini reallaşdırdı, ATƏT-in Minsk qrupu və əlaqədar strukturların bağlanması ilə köhnəlmiş mexanizmlər tarixi olaraq ləğv edildi. Nəticədə regionda sülh və təhlükəsizlik üçün yeni siyasi baza yaradıldı.

Postmüharibə dövründə azad edilmiş ərazilərin yenidən qurulması prioritetə çevrilib. İşğal dövründə dağıdılmış şəhər və kəndlər, məscidlər və mədəniyyət obyektləri bərpa olunur. “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, yeni infrastruktur, məktəb, xəstəxana və istehsal obyektləri ilə bölgələrin sosial-iqtisadi həyatı canlanır. Bu proses yalnız iqtisadi inkişafı deyil, həm də milli birliyin və həmrəyliyin güclənməsini təmin edir. BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı: “Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır”.

Azərbaycanın beynəlxalq nüfuzu yalnız regionla məhdudlaşmır. COP29-a uğurla ev sahibliyi etməsi, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) və Paris Sazişi çərçivəsində karbon bazarlarının yaradılmasında fəal iştirakı ölkəmizin qlobal iqlim siyasətindəki rolunu möhkəmləndirib. Azərbaycan, həmçinin enerji təhlükəsizliyi sahəsində strateji təşəbbüslərlə çıxış edir. 14 ölkəyə təbii qaz ixracı, regional enerji şəbəkələrinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinə investisiyalar Azərbaycanın regional liderliyini nümayiş etdirir. Bu siyasət həm də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində dövlətimizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı bir daha sübut edir ki, Azərbaycan artıq tarixi Qələbəni qazandığı, sülhü təmin etdiyi və azad edilmiş əraziləri bərpa etdiyi yeni mərhələyə qədəm qoyub. Bu nailiyyətlər ölkəmizi regional lider və etibarlı qlobal tərəfdaş kimi möhkəmləndirir, davamlı inkişaf, enerji təhlükəsizliyi və humanitar sahələrdə strateji üstünlüklər yaradır. Azərbaycanın əldə etdiyi uğurlar bütövlükdə Cənubi Qafqazda sabit gələcək və əməkdaşlıq imkanlarını təmin edir.

Chosen
16
3
veteninfo.az

5Sources