EN

Azərbaycan–Türkiyə qardaşlığına qarşı dezinformasiya cəhdləri – ÖZƏL

Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına start verilib. Facebook və "X" platformalarında, guya Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasında Benyamin Netanyahunun çıxışını alqışlaması barədə yalan iddialar yayılır.
Həqiqətdə isə, paylaşılan görüntülər heyətin məhz Prezident İlham Əliyevin çıxışı zamanı alqışladığını əks etdirir. 

""Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" fəlsəfəsi əsasında münasibətlərini qurublar. Bu, həm iqtisadi, həm siyasi, həm də hərbi sahələri əhatə edir. Ümumilikdə Azərbaycan və Türkiyə bir çox istiqamətlərdə əməkdaşlıq edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan torpaqlarını azad etdi, Azərbaycan və Türkiyə isə fəaliyyəti və əməkdaşlığı daha da gücləndirərək Türk Dövlətləri Təşkilatının formalaşmasına nail oldular. Bu təşkilatın aparıcı qüvvələri və lokomotivi məhz Türkiyə və Azərbaycandır. Bu əməkdaşlıq inkişaf edərək dünyada yeni güc mərkəzinə çevrilir. "Bir millət, iki dövlət" fəlsəfəsi ilə başlanan bu yol nəticədə Türk Dövlətləri Təşkilatını yaratdı. İndi isə proses "bir millət, bir ittifaq" mərhələsinə doğru irəliləyir. 

Siyasi şərhçi əlavə edib ki, "bir millət, bir ittifaq" fəlsəfəsi ilə Turan İttifaqının yaranması dünyada yeni güc mərkəzi kimi formalaşır. Bu güc mərkəzini yaradan Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Onların münasibətlərinə dünyada qısqanclıqla yanaşılır. Xüsusilə də Qərb dünyası Turan İttifaqının yaranmasında maraqlı deyil. Çünki Türkiyənin regional gücdən qlobal gücə çevrilməsini istəmirlər. Bu səbəbdən də Türk Dövlətləri Təşkilatının aparıcıları olan Azərbaycan və Türkiyə arasındakı münasibətləri gərginləşdirmək məqsədilə mütəmadi olaraq dezinformasiyalar yayılır. Bu, məqsədyönlü şəkildə həyata keçirilir.

Siyasi şərhçinin sözlərinə görə, dezinformasiyaların məqsədi ictimai rəyə təsir göstərmək və dövlətlərarası münasibətləri zədələməkdir. Amma qeyd etmək lazımdır ki, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan çalışır ki, dünyada dostlarının sayı çox olsun. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşmasına da vasitəçilik edib. Həmçinin Azərbaycan Türkiyə ilə Suriya arasında əlaqələrin yaxşılaşması üçün də görüşlər təşkil edib. Azərbaycan siyasətini həm regional, həm də qlobal müstəvidə qurur. Azərbaycan Yaxın Şərqdə İsrail-Fələstin məsələsində "iki dövlət prinsipi"ni dəstəkləyir, həmçinin İsrail ilə Həmas arasında yaranan problemlərin beynəlxalq hüquq müstəvisində həllində maraqlıdır. Azərbaycanın bu mövqeyinə Qərbdə də bəzən qısqanclıqla yanaşılır.

A. Məsiyev əlavə edib ki, xüsusilə də Türkiyədə Qərbin təsiri altında olan media orqanları Azərbaycanla Türkiyə arasında soyuqluq yaratmağa çalışır. Onlar bu cəhdi əsasən İsrail məsələsi üzərindən həyata keçirmək istəyirlər. Türkiyə bu məsələyə həssas yanaşır. Ona görə də Azərbaycanın İsraillə münasibətlərindən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa cəhd göstərirlər. Amma bu cəhdlər uğursuzdur. Qərbin dezinformasiya xarakterli məlumatları dövlətlərarası münasibətlərə təsir edə bilməyəcək. Azərbaycan Türkiyə ilə strateji əməkdaşlıq qurub və bu əməkdaşlığa kənar qüvvələrin təsir etməsi mümkün deyil. Təəssüflər olsun ki, bəzi hallarda dezinformasiya xarakterli məlumatlar ictimai rəyə yönəldilir, amma onların məqsədi münasibətləri soyutmaqdır. 

Siyasi şərhçi Azərbaycan-İsrail münasibətləri isə yüksək səviyyədədir. İsrail 44 günlük Vətən müharibəsində Azərbaycanı siyasi baxımdan dəstəkləmişdir. Azərbaycanın çətin günündə yanında olan dövlətlər arasında Türkiyə, Pakistan və İsrail də var idi. Azərbaycan dar gündəki dostlarını heç vaxt unutmur. Amma eyni zamanda dostlarımız səhv yolda olanda da mövqeyimizi açıq şəkildə bildiririk.
Azərbaycan hesab edir ki, Yaxın Şərqdə İsrailin davranışları beynəlxalq hüquq prinsiplərinə uyğun olmalı, insan haqları qorunmalıdır. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır.

"Yenə də vurğulamaq lazımdır ki, Türkiyə mediasında bəzən yayılan xoşagəlməz məlumatlar əslində Qərbin, daha doğrusu, Azərbaycan-Türkiyə əməkdaşlığını qısqanan güclərin işidir. Məqsəd - Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almaq və Türkiyənin strateji tərəfdaşlıq qurduğu dövlətlər arasında çat yaratmaqdır. Amma belə addımlar uğur qazanmayacaq. Əksinə, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq daha da möhkəmlənəcək, dostların və düşmənlərin niyyətləri daha aydın görünəcək və buna uyğun davranılacaq", - deyə ekspert sonda əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources