EN

Azərbaycanın BMT kürsüsündən ucalan Zəfər, Ədalət və Sülh səsi

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət başçısı İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında olan nitqi Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb tarixi yolun, qazanılmış qələbələrin, bərpa edilən ədalətin və bu gün qurulan yeni sülh nizamının qlobal tribunadan bəyanı oldu. Möhtərəm prezidentimizin bu tarixi çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan tarixi ədaləti bərpa etmiş, sülhə gedən yolu öz gücü, iradəsi və müdrik siyasəti ilə açmışdır. Bu nitq sadəcə diplomatik məruzə deyildi – bu, xalqımızın Zəfər dastanının, azadlıq mübarizəsinin və ədalət uğrunda çəkdiyi əzabların bütün dünyaya car çəkilməsi idi.

Çıxışının əvvəlində Ermənistanın uzun illər Azərbaycan ərazilərinə qarşı həyata keçirdiyi təcavüz və etnik təmizləmə siyasətini diqqətə çatdıran Prezident İlham Əliyev bir milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin salındığını, onların fundamental insan hüquqlarının kobud şəkildə pozulduğunu vurğuladı. Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının beşdə birinin işğal altında qaldığını xatırladan dövlət başçımız məscidlərimizin təhqir olunduğunu, şəhər və kəndlərimizin yerlə-yeksan edildiyini vurğuladı və dünyanın gözü qarşısında baş verən bu ədalətsizliyin illərlə beynəlxalq təşkilatların susqunluğu ilə müşayiət olunduğunu, ancaq xalqımızın öz haqq səsinə güvəndiyini, dövlətimizin liderinin ətrafında sıx birləşdiyini və 2020-ci ildə qəhrəman Ordumuzun Vətən müharibəsində tarixi Qələbə qazandığını qürurla söylədi.

Prezident İlham Əliyevin BMT kürsüsündən dediyi kimi, Azərbaycan yalnız işğala son qoymadı – o, beynəlxalq hüququn aliliyini bərpa etdi, ədaləti təntənəli şəkildə dünyaya göstərdi. Ermənistanın kapitulyasiyası ilə tarixə düşən 10 noyabr sənədi Azərbaycanın suverenliyinin, bütövlüyünün və xalqımızın iradəsinin qələbəsi oldu.

Lakin bu Zəfərlə kifayətlənməyən Azərbaycan müharibədən dərhal sonra sülhə əl uzatdı. Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmiz Ermənistanla münasibətləri qarşılıqlı tanınma əsasında qurmağa hazırdır. Vaşinqtonda imzalanmış birgə bəyanat, sülh müqaviləsinin paraflanması, köhnəlmiş ATƏT Minsk qrupunun tarixin arxivinə göndərilməsi – bütün bunlar Azərbaycanın qətiyyətinin, sülh iradəsinin bariz göstəricisidir.

Nitqin ən təsirli məqamlarından biri də Azərbaycanın yenidənqurma missiyası oldu. Dağıdılmış şəhərlərin, yerlə-yeksan edilmiş kəndlərin yerində bu gün həyat qaynayır. Artıq “Böyük Qayıdış” proqramı çərçivəsində 50 mindən çox insan doğma torpaqlarına dönüb. Bu, təkcə dövlət layihəsi deyil, bu, xalqın ürəkdən gələn arzusunun gerçəkləşməsidir.

Prezident həmçinin Azərbaycanın dünya siyasətində etibarlı tərəfdaş olduğunu vurğuladı. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, COP29-a ev sahibliyi, iqlim dəyişikliyi ilə mübarizədə öncüllük – bütün bunlar Azərbaycanın qlobal miqyasda məsuliyyətli aktora çevrildiyini təsdiqləyir. İlham Əliyevin dediyi kimi, Azərbaycan həm müharibəni uddu, həm də sülhü qazandı.

Bu gün BMT kürsüsündən ucalan Azərbaycan səsi bütün dünyaya bir həqiqəti çatdırdı: haqqı, ədaləti və suverenliyi heç bir qüvvə əbədi olaraq boğa bilməz. Azərbaycan xalqı sübut etdi ki, milli birlik, dövlətçilik iradəsi və ədalətə inam qarşısında ən güclü sədlər də dağılır.

Prezident İlham Əliyevin tarixi çıxışı həm qələbəmizin rəsmi bəyanatı, həm də gələcək nəsillər üçün yol xəritəsidir. Bu, həm də dünyaya ünvanlanan çağırışdır: gəlin, ikili standartlardan uzaq, ədalətin və beynəlxalq hüququn təntənə etdiyi bir dünyanı birlikdə quraq.

Azərbaycan artıq bu yolda öz sözünü dedi. Bu söz Zəfər, Ədalət və Sülh sözüdür!

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
sesqazeti.az

2Sources