EN

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

"Gömrük rüsumları innovasiyanı boğur... Azərbaycan bu indeks üzrə 6 pillə geriləyib"

Azərbaycan Qlobal İnnovasiya İndeksində 139 ölkə arasında xeyli aşağı sıralarda – 94-cü yerdə qərarlaşıb. Reytinqdə potensial imkanları məhdud olan, dünyada tanınmayan ölkələrlə eyni sıradadır.

“AzPolitika” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

“Əslində, bu il bir pillə irəliləmişik, amma tutduğumuz mövqe yenə də təəssüf doğurur”, – deyə o qeyd edib.

Ekspert bildirir ki, bu hesabat 80 göstərici üzrə hazırlanır və innovasiya ilə bağlı müxtəlif sahələrdəki vəziyyəti əks etdirir. Yəni, adı “İnnovasiya İndeksi” olsa da, əslində hesabatda yer alan məsələlərə cavabdeh olan qurumlar yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) deyil. Eyni zamanda İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsi (DGK), Əqli Mülkiyyət Agentliyi, AZCON, müxtəlif dövlət şirkətləri və digər qurumlar da məsuliyyət daşıyır.

Məsələn, bu indeksdə istifadə olunan göstəricilərdən biri də “Market sophistication” (bazarın mürəkkəbliyi) blokunda yer alan “Applied tariff rate, weighted avg %” – yəni idxal mallarına tətbiq olunan gömrük rüsumlarının orta çəkili göstəricisidir. Bu parametr, əslində, ölkənin bazar açıqlığını və innovasiya texnologiyalarının ölkəyə gətirilməsinin nə qədər asan olduğunu göstərir. Belə olan halda, bu göstəriciyə cavabdeh qurum Dövlət Gömrük Komitəsidir.

AİF rəhbəri qeyd edir ki, Dövlət Gömrük Komitəsinin Beynəlxalq Reytinqlər Komissiyasının toplantılarında iştirak edən nümayəndələri adətən bu sahədə vəziyyətin yaxşı olduğunu vurğulayıblar. Lakin bu il dərc olunan hesabat, əksinə, bu sahədə vəziyyətin pis olduğunu ortaya qoyub. 

Belə ki, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 103-cü yerdə qərarlaşıb və ötən illə müqayisədə 6 pillə geriləyib.

Bu il Azərbaycanda gömrük rüsumlarının orta çəkili göstəricisi 5.8 % təşkil edib. Bu da o deməkdir ki, ölkənin bazarı yeni texnologiyalar üçün əlverişli deyil.

Osman Gündüz hesab edir ki, hesabat reallığı əks etdirir. O, bu məsələni daha əvvəl konkret bir nümunə ilə izah etdiyini də xatırladıb: “Paradoks ondadır ki, məsələn, Azərbaycan gömrüyü köhnəlmiş HDD diskləri üçün 5 %, daha müasir olan SSD diskləri üçün isə 15 % gömrük rüsumu tətbiq edir. Yəni dövlət siyasəti köhnə texnologiyanı ucuzlaşdırır, yeni texnologiyanı isə bahalaşdırır. Bu isə dolayısı ilə innovasiya mühitinin inkişafını ləngidir.

Dünyada isə tam əksinədir – inkişaf etmiş ölkələrdə müasir texnologiyaların idxalına olduqca aşağı rüsumlar tətbiq olunur ki, şirkətlər və istehlakçılar asanlıqla bu texnologiyaları əldə edə bilsin, innovasiya sürətlə yayılsın. Bizdə isə nəticə göz qabağındadır: istehlakçı baha qiymət ödəyir, startaplar və biznes strukturları müasir avadanlıq gətirməkdə çətinlik çəkirlər, ölkənin innovasiya ekosistemi isə geridə qalır”.

O. Gündüz hesab edir ki, gömrük siyasəti innovasiyanı dəstəkləməli, müasir texnologiyalara “yaşıl dəhliz” açmalı, köhnəlmiş texnologiyaları isə tədricən bazardan çıxarmalıdır.

“Əks halda, həm rəqəmlərdə, həm də real həyatda innovasiyanın son sıralarında qalacağıq”, – deyə AİF prezidenti vurğulayıb.

Rasim

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources