Rusiyanın Xabarovsk diyarı və işğal olunmuş Krımda yanacaqdoldurma məntəqələrində (YDM) benzin çatışmazlığı böhran həddinə çatıb. Yerli sakinlər gigant növbələr və bir çox YDM-lərdə yanacağın ümumiyyətlə olmaması barədə məlumat veriblər.
KONKRET.az xəbər verir ki, böhranın əsas səbəbi Rusiya ərazisindəki neft emalı zavodlarına pilotsuz uçuş aparatlarının (PUA) hücumları və nəticədə yaranan logistika pozuntularıdır.
Krımda YDM-lərin təxminən 50 faizində satışlar dayandırılıb, qalan məntəqələrdə isə ciddi limitlər tətbiq olunub – bir sürücüyə ən çoxu 30 litr benzin satılır.
Müstəqil mənbələrin qiymətləndirməsinə görə, yanacaq böhranı artıq 25 regionu, o cümlədən Moskva nəzarətində olan işğal edilmiş əraziləri də əhatə edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət davamlı olarsa, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təchizatı zəncirlərində ciddi pozuntular yarana bilər.
Müşviq Tofiqoğlu,
KONKRET.az