ain.az, GlobalInfo saytına istinadən bildirir.
Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyası səngimək bilmir. Əvvəlcə İsrailin “Avroviziya” müsabiqəsindən diskvalifikasiyası halında guya ölkəmizin də bu yarışmada iştirak etməyəcəyini açıqladığına dair xəbərlər yayıldı. İndi isə İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin onu alqışladığı iddia edilir.
Hətta Netanyahunun çıxışından sonra Azərbaycan nümayəndə heyətinin əl çaldığı video montaj edilib və mətbuatda tirajlanıb. Halbuki sözügedən görüntülər məhz Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı qeydə alınıb.
Qardaş ölkədə İsrail üzərindən Azərbaycana qarşı aparılan bu kampaniyanın arxasında kimlər var? Məqsəd nədir?
Globalinfo.az-a danışan türkiyəli politoloq Hasan Oktay deyib ki, İsrail 2023-cü ildə HƏMAS-ın hücumundan sonra təhlükəsizlik səbəbindən ətrafındakı beş ölkəyə qarşı əməliyyatlar keçirdi:
“İranın adından bölgədə döyüşən bir sıra təşkilatları məhv etməyə çalışdı. Bu müddət ərzində İsrail–Türkiyə münasibətləri ciddi şəkildə gərginləşdi. Təl-Əviv yalnız döyüş meydanında deyil, həm də media vasitəsilə müharibə aparır. Bu kontekstdə İsrail, Qəzzada tətbiq etdiyi insanlıqdan kənar praktikaları legitimləşdirmək üçün, başda Türkiyə olmaqla bir çox ölkədə sosial mediada propaganda fəaliyyətləri həyata keçirir.
Türkiyədə Təl-Əviv mərkəzli yüzə yaxın sosial media şəbəkəsi psixoloji əməliyyat və ictimaiyyətə təsir məqsədilə Azərbaycan-İsrail dostluğuna dair təbliğat kampaniyası aparıb. Bu çərçivədə İsrail əleyhinə olan qruplar da mövcud kampaniya vasitəsilə Azərbaycana qarşı ictimai rəy formalaşdırmağa başlayıblar. Hər iki proqramda, xüsusilə Azərbaycana yönəlmiş əsassız yayımlar təəssüf ki, bir çox mənfi rəy və anlayışların yaranmasına səbəb oldu”.
Hasan Oktay
Politoloq bildirib ki, Bakının Təl-Əvivlə münasibətlərinin yaxşı olması fonunda Türkiyədə nəzarətsiz fəaliyyət göstərən bəzi sosial şəbəkə səhifələrinin bu kampaniyalara alət edilməsi vəziyyəti daha da qarışıq hala saldı:
“Belə addımlar Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır. Türkiyədə lobbi fəaliyyəti aparan bəzi qrupların qeyri-qənaətbəxş olması, bu işi əsasən pul müqabilində etmələri və pozitiv nəticədən çox öz büdcələrini düşünmələri Azərbaycana münasibətdə ictimai rəyə mənfi təsir göstərdi.
Rəsmi Bakı bu təbliğat kampaniyaları fonunda Türkiyə ictimaiyyətini məlumatlandırmağa diqqət etməlidir. Ölkəmizdə Azərbaycan əleyhinə çalışan qrupların əsas məqsədi pul qazanmaqdır. Bu səbəbdən, iki ölkə onlara qarşı birlikdə tədbir görməlidir. Türkiyədə İsrailin həyata keçirdiyi fəaliyyətlərin təsiri altında qalaraq birbaşa Azərbaycan əleyhinə kampaniya aparmaq ciddi nəticələr doğura bilər”.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.